Pestisidlər və onların təsiri

230

Pestisidlər fiziki, kimyəvi və səciyyəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənən zəhərli maddələrdir. Pestisidlər zərərvericilərlə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq məqsədilə geniş istifadə olunur. Kimyəvi tərkibinə görə pestisidlər xlor-üzvi, fosfor-üzvi, karbamat, piretrin və piretroidlərə bölünür. Xlor-üzvi pestisidlər tərkibində 5 və daha çox xlor atomu saxlayan üzvi birləşmələrdir. Bu qrup pestisidlər sintez olunan və kənd təsərrüfatında ilk istifadə edilən pestisidlərdir. Onların çoxu insektisid kimi həşəratların bir çox növü ilə mübarizə üçün istifadə olunub. Lakin həmin pestisidlər ətraf mühitdə uzunmüddətli qalma effektinə sahibdirlər. Onlar həşəratların sinir sistemini zədələyərək qıcolma və iflicə səbəb olur. Bu da öz növbəsində həşəratın ölümü ilə nəticələnir. Xlor-üzvi pestisidlərə DDT, lindan, endosulfan, aldrin, dieldrin və xlordan daxildir. DDT-nin istehsalı və istifadəsinin illər öncə bir çox inkişaf etmiş ölkələrdə dayandırılmağına baxmayaraq, inkişaf etməkdə olan bəzi tropik ölkələrdə hələ də, xüsusən malyariya təhlükəsi yarandığı zaman istifadə olunur.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, fosfor-üzvi pestisidlər çoxsaylı funksiyaları ilə əlaqədar genişspektrli təsirə malikdirlər. Onların təsir mexanizmi və qalıcılığı əsasən fosfor atomu ilə əlaqəli kimyəvi quruluşun xüsusiyyətlərinə bağlıdır. Fosfor-üzvi insektisidlər onurğalılar və onurğasızlar üçün sinir impulslarının bloklanması nəticəsində iflic və ölümə səbəb olduğuna görə daha toksikdir. Geniş olaraq istifadə olunan fosfor-üzvi insektisidlər isə paration, malation, diazon və qlifosatdır.

Karbamatlar struktur olaraq fosfor-üzvi pestisidlərə oxşardır. Lakin fosfor üzvi pestisidlər fosfor turşusunun, karbamatlar isə karbamin turşusunun törəmələridir. Karbamat pestisidlərin iş prinsipi də fosfor-üzvi birləşmələr ilə eynidir. Onlar da sinir impulslarının ötürülməsinə təsir edərək zərərvericilərin zəhərlənməsi və məhvinə səbəb olurlar. Ətraf mühitə minimum ziyan vuraraq təbii mühitdə parçalanır. Karbaril, karbofuran, propoksir, aminokarb geniş istifadə olunan insektisidlərdir.

Sintetik piretroidlər təbii piretrinlərin strukturunu təqlidetmə yolu ilə sintez olunan üzvi pestisidlər qrupudur. Onlar təbii piretrinlərdən fərqli olaraq daha stabil və uzunmüddətli qalıcılığa malikdir. Sintetik piretroidlər həşəratlar və balıqlar üçün zəhərli, məməlilər və quşlar üçün isə az zəhərlidir. Sintetik insektisidlərin çoxu qalıcı deyil və işığın təsirindən asan parçalanır. Onlar ziyansız insektisid hesab olunur. Kipermetrin və permetrin ən geniş istifadə olunan sintetik piretroid pestisidlərdir.

Pestisidlər insan orqanizminə pestisid tozu və buxarları ilə nəfəs alan zaman, kontaminasiya olunmuş yemək və su istehlak edərkən oral məruzqalma, həmçinin birbaşa təmas yolu ilə, yəni dəri vasitəsilə keçə bilər. Pestisidlər xüsusən meyvə və tərəvəzlərin üzərinə püskürdüldükdə torpaq və qrunt sularına keçə bilər ki, bu, içməli suyun da çirklənməsinə səbəb olur. Sprey pestisidlər havada uzun müddət dövr edir və onu çirkləndirir.

Son zamanlarda bir çox araşdırmalar reproduktiv, böyrək, ürək-damar və nəfəs yolları xəstəliklərinin səbəblərini pestisidlərlə zəhərlənməyə bağlı olduğunu üzə çıxarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: