Milli Məclisin Səhiyyə komitəsinin iclası olub

A- A A+

İyunun 18-də Milli Məclisin Səhiyyə komitəsinin iclası olub.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov gündəlikdə dörd məsələnin olduğunu bildirib. Əvvəlcə “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinə (birinci oxunuş) baxılıb. Əhliman Əmiraslanov vurğulayıb ki, ölkəmiz müharibə şəraitində yaşadığına görə bu komitəyə qoşulmaq çox vacibdir.

Sonra üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə münasibət bildirilib.

İclasda “Azərbaycan Respublikasının İnzibati Xətalar, Gömrük məcəllələrində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair (birinci oxunuş) məlumat dinlənildikdən sonra komitə üzvləri gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Səhiyyə komitəsində təşkil olunmuş “Pasiyentlərin və tibb işçilərinin hüquqları” mövzusunda dinləməyə Səhiyyə Nazirliyinin, tibb müəssisələrinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, AMEA-nın İnsan hüquqları institutunun əməkdaşları dəvət olunmuşdular.

Müasir dövrdə pasiyent-həkim, pasiyent-tibb müəssisəsi münasibətlərinin aktuallığından söz açan akademik Əhliman Əmiraslanov pasiyentlərin hüquqlarının qorunması haqqında qanunun vacibliyinə diqqət yönəldib. 2020-ci ilin 1 yanvarından etibarən ölkəmizdə tətbiq olunacaq tibbi sığorta prosesində bu qanuna böyük ehtiyac olacağını vurğulayıb.

Dinləmədə komitənin üzvü Sədaqət Vəliyeva təşəbbüskarı olduğu qanun layihəsi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, pasiyentlərin hüquqlarının müdafiə olunması fundamental insan hüquqları haqqında bütün qərar və konvensiyaların tələblərinə uyğundur. Belə bir qanun layihəsi pasiyent hüquqlarının təminatı və qorunmasının hüquqi əsaslarını konkretləşdirər, bu sahədə əsas prinsipləri dəqiqləşdirər, pasiyentin sağlamlığına vurulmuş ziyanın müəyyənləşdirilməsi prosesində yaranan münasibətləri tənzimləyər.

Deputat vurğulayıb ki, qanun layihəsi pasiyentin tibbi yardım alması, yaşamaq hüququnun və sağlamlığının təmin edilməsi, fiziki və ruhi tamlığının qorunması, eləcə də pasiyentə qarşı ayrı-seçkiliyin yolverilməzliyi kimi ciddi məsələləri özündə ehtiva etməlidir. Sənəddə pasiyentin tibb müəssisəsini və tibb işçisini seçmək hüququ qanunla tanınmalıdır. Tibb müəssisələrində dini etiqad azadlığının təminatı məsələsi, həmçinin pasiyentin vəzifələri və məsuliyyəti, tibb işçiləri ilə münasibətdə etik qaydalarına riayət etməsinin vacibliyi də layihədə öz əksini tapmalıdır.

Dinləmədə aparılan müzakirələrdə Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, deputatlar Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamaləddin Qafarov, Rəşad Mahmudov, Aytən Mustafayeva yeni qanun layihəsinə dair arzu və istəklərini, təkliflərini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu məsələ birbaşa insan hüquqları ilə əlaqədar olduğu üçün yaradılacaq işçi qrupun tərkibində ekspertlər və həkimlərlə yanaşı, hüquqşünaslar da olmalıdır.

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təmsilçisi Şərafət İsmayılova, Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev, Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları institutunun əməkdaşı Ayxan Rüstəmzadə yeni qanunla bağlı fikirlərini bölüşüblər. Dinləmənin əhəmiyyəti yüksək dəyərləndirilib.

Fikir mübadiləsinə komitənin sədri Əhliman Əmiraslanov yekun vurub. Deputat Sədaqət Vəliyevanın rəhbərliyi ilə işçi qrupun yaradılması haqqında qərar qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: