“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

A- A A+

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. Nəzərdə tutulmuş oncildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcək. Artıq “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb.

NUHÇIXAN xəbər verir ki, iyunun 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni konsepsiya əsasında hazırlanmış “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildinin təqdimatı keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildini folklorumuzun öyrənilməsi üçün mühüm elmi mənbə kimi səciyyələndirib. O, Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən kitabın elmi ictimaiyyət və tədqiqatçılar üçün dəyərli töhfə olacağını bildirib.

Daha sonra “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildinin məsul redaktoru, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı məruzə ilə çıxış edərək kitab haqqında ətraflı məlumat verib.

Təqdimat mərasimində AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev və Qəzənfər Kazımov, nəşrin məsul katibi Aynur Xəlilova, müəlliflərdən Əfzələddin Əsgər çıxış edərək təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan “Şifahi xalq ədəbiyyatı”na həsr edilib. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” sərlövhəli təqdimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxımından eposaqədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: