NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində “AzerGold” Qapalı Səhimdar Cəmiyyətinin Korporativ Sosial Məsuliyyət Komitəsi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlim keçirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikada aqrar sahənin inkişafından danışıb.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov BMT-nin təşəbbüsü ilə hazırlanan və 193 ölkənin qoşulduğu Dayanıqlı İnkişaf üzrə Qlobal Hədəflər 2030-un milli səviyyədə icra edildiyini qeyd edərək bu istiqamətdə ölkədə həyata keçirilən dövlət proqramlarını sadalayıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən ətraf mühitin mühafizəsi, müxtəlif sahələrdə, xüsusilə də sahibkarlığın dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələri, irəli sürülən təşəbbüsləri örnək göstərən Zakir İbrahimov, “AzerGold” QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət tədbirləri haqqında da ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin direktor müavini İmran Əbdulov iqlim dəyişikliyinin təsirləri ilə mübarizə istiqamətində ölkədə görülən tədbirlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, dövlətlə yanaşı, hər bir özəl müəssisənin də bu istiqamətdə daha fəal olmasının əhəmiyyətini qeyd ediblər.
Təlimdə Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyət göstərən 60-dan çox sahibkar iqlim dəyişikliyi şəraitində su, torpaq və bitki idarəçiliyi, kənd təsərrüfatında mövcud innovasiyalar, iqlim dəyişikliyinə məruz qalan təsərrüfatlara qanunvericilikdə nəzərdə tutulan güzəştlər haqqında biliklər əldə ediblər. Geniş müzakirələrin və fikir mübadiləsinin aparıldığı 2 günlük təlimin sonunda sahibkarlar müvafiq sertifikatlarla təltif olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Paris Sazişinə 26 oktyabr 2016-cı il tarixindən etibarən qoşulub və bu istiqamətdə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.
Cavid Səfərli