Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, may ayı ərzində vergi intizamının və vergi mədəniyyətinin formalaşması, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyənləşdirilən proqnoz 103,9 faiz icra edilib. Daxil olunan vəsaitlərin mənbəyinə gəldikdə isə, onların 39,3 faizi dövlət sektorunun, 60,7 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artıb.
Ödənilməsi zəruri olan məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 157,4 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 143,3 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.
Muxtar respublikada iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə, rayonlarda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsi ilə may ayı ərzində 6 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına , bundan əlavə 344 fiziki şəxs isə sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 89,5 faizi muxtar respublikanın rayonlarının payına düşüb. Nazirlik may ayını vergi borcu olmadan başa vurub.