Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şahbuz rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda növbəti maarifləndirmə tədbiri olub.
Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi seminar Şahbuz rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirilib.
Seminarda nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi prosesi barədə məlumat verib.
Səyyub Kərimov qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin, eyni zamanda əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.
Seminarda Şahbuz Rayon Qeydiyyat Şöbəsinin rəisi Könül Əsədova “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının Külüs inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Cavad Cəfərov “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış ediblər.
Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.