Ömürdən qalan izlər

A- A A+

Naxçıvan ədəbi mühitində öz dəsti-xətti  ilə tanınan qocaman şair-pedaqoq, dilçi alim Əbülfəz Muxtaroğlunun  “Ömürdən qalan  izlər” kitabı işıq üzü görüb. Ön sözünü akademik İsa Həbibbəylinin yazdığı kitaba müəllifin şeirləri, məqalələri və onun haqqında müxtəlif vaxtlarda yazılmış yazılar  daxil edilib.

“Pərvanə olsaydım, səni şam bilib

Dönüb-dolanardım başına sənin”

- deyən Əbülfəz Muxtaroğlu mədh etdiyi vətənini qaya-qaya, oba-oba, insan-insan  tanıdır. Vətən sevgisiylə yazılmış misralar oxucunun əlindən tutub Naxçıvanın gözəlliklərini addım-addım gəzdirir, tarixin dolaylarına aparır,  bu elin şənliyinə sevinməyə, kədərinə ortaq olmağa, insanları haqqa, ədalətə, sevgiyə səsləyir:

“Ən böyük arzumdur mənim dünyada,

Necə ki, gəzirəm Ana Vətəni

Paltarı ləkəli görsəniz də siz

Vicdanı ləkəli görməyin məni.”

Kitaba daxil edilmiş məqalə  və araşdırmalarda müəllif müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatı ilə  yanaşı Naxçıvan ədəbi mühitində yetişib öz sözünü demiş  imzalara  üz tutur, müxtəlif əsərlərlə bağlı fikirlərini oxuculara təqdim edir. “Azərbaycan poeziyasında Azərbaycan dərdi, onun bölünməzliyi, vahidliyi həmişə aparıcı xətt olub”,  “İnsan cəmiyyətinin bütün dövrlərində şairlər haqsızlığa, ədalətsizliyə qarşı çıxıblar”,  “Həssas sənətkar nəyə, kimə, nə üçün və necə etiraz edir?” və s. fikirlərlə müxtəlif səpkili əsərlərə güzgü tutur, onlar barədə ətraflı məlumat verir.

“Ömürdən qalan izlər”də  balacalar da yaddan çıxmayıblar. “Gül balalar küsər məndən” deyən müəllif onları müxtəlif səpkili şeirlərlə sevindirir.

Kitabda toplanan məqalələrin bir qismi isə müasirlərinin Əbülfəz Muxtaroğlunun həyat və yaradıcılığına baxışını əks etdirir, oxuculara onun müxtəlif dövrlərdə çap olunmuş kitabları, keçirdiyi görüşləri ilə bağlı məlumat verir.

Kitabda həmçinin müəllifin müxtəlif dövrlərdə müxtəlif mətbuat orqanlarında verilmiş müsahibələri də yer alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: