Bakalavrların ali məktəblərə müsabiqə yolu ilə qəbul qaydaları izah olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Naxçıvan Dövlət Texniki Kollecində Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu barədə maarifləndirici tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə muxtar respublikada təhsilə göstərilən yüksək qayğıdan və yaradılan şəraitdən, mövcud təhsil standart­ları, təhsilin ayrı-ayrı pillələri arasında qarşılıqlı əlaqənin təmin olunmasından danışıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən  müsabiqə yolu ilə qəbul oluna biləcəklərini qeyd edib. Bu sərəncamdan doğan digər məsələlərə aydınlıq gətirib.

Bildirilib ki,  ərizələrin qəbulu I-IV qrup üzrə 2019-cu il iyunun 13-dən iyulun 17-dək və V ixtisas qrupu üzrə isə iyunun 13-dən  27-dək Dövlət İmtahan Mərkəzinin internet saytında aparılır və müsabiqədə iştirak ödənişsizdir. Subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda–iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində iştirak edəcəklər. İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Bir yerə iki subbakalavr iddia edərsə, ixtisas seçimində təhsil haqqında sənəddə fənlər üzrə yekun qiymətlərinin ədədi ortası daha yüksək olan subbakalavra üstünlük veriləcək.

Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Ruşanov kollecin məzunlarından müsabiqədə iştirak edənlərə lazımı köməkliklər göstəriləcəyini, onlara müvafiq arayışların verilməsinin təmin ediləcəyini, Dövlət İmtahan Mərkəzinin rəsmi saytından qeydiyyatdan keçmələrinin diqqətdə saxlanılacağını bildirib. Subbakalavrlara ümumi orta müvəffəqiyyət göstəricisi  və orta attestat balı haqqında arayışların forması, fənlər üzrə yekun qiymətlərin ədədi ortasının hesablanması qaydaları və həmin göstəricilərin müsabiqədəki əhəmiyyəti haqqında geniş məlumat verilib.

Sonra məzunları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: