Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında keçirilən imtahanlarda obyektivliyin və şəffaflığın tam təmin edilməsini, eləcə də qarşıda duran vəzifələrin icrasını diqqətdə saxlayıb. Komissiyanın Test mərkəzində mayın 13-18-də Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib. Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim edib, onlardan 109-u test imtahanında iştirak edib və 85-i müvafiq keçid balını toplayıb.
Mayın 27-31-də keçirilən gömrük orqanlarında vakant olan vəzifələrin tutulması üçün test imtahanlarında iştirak edən 175 namizəddən 85-i müvafiq keçid balını toplayıb. Komissiya müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün də 4 nəfərin iştirakı ilə test imtahanları keçirib.
Ötən ay Komissiya tərəfindən dövlət qulluğu, vergi, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 164, sınaq imtahanlarında 117 nəfər iştirak edib. “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda inzibati vəzifələrə təyin olunmuş 88 dövlət qulluqçusu iştirak edib.
Ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 1-i vakant vəzifəyə təyin olunub.