NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilib. Tədbirdə məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə tanış olublar.
Əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat vermək, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrini, dərslik və metodiki vəsaitlərin müzakirəsində iştirakının təşkil etməkdir. Qeyd edək ki, bu tədbir “Sabahın müəllimi” layihəsi çərçivəsində həyata keçirilib. Müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarət olan “Sabahın müəllimi” muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərən yeni layihədir.
Həmçinin Təhsil nazirinin əməkdaşları pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə muxtar respublika ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, müəllimlərin işə qəbul qaydaları və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat veriblər.
Seyfur Hacımuradov