Cavid əfəndinin sonuncu faciəsi...

(Məqbərə qarşısında monoloq)

A- A A+

Şəhərimizin ən görkəmli, hər gün yüzlərlə insanın axışdığı yerində, böyük, doyumsuz gözəlliyə malik xiyabanın içərisində bir məqbərə ucalır. Böyük bir faciənin qurbanı – Hüseyn Cavidin və bu qurbanın qurbanlarının – Mişkinaz xanımın, Ərtoğrol bəyin uyuduqları məqbərə… Bu bir ailənin məqbərəsinə – Hüseyn Cavid əfəndimizin 100 yaşlı ciyər­parası Ərtoğrol Cavidi anmağa gedirəm. Ötən 100 ilin cəmi 24-nü həyatda, qalanını xatirələrdə, həm də gözyaşardan, qəlbsızladan xatirələrdə, bir də yazdığı şeirlərdə, bəstələdiyi musiqilərdə, çəkdiyi rəsmlərdə yaşayan Ərtoğrol bəyi. Xiyaban boyu Hüseyn Cavidin “İblis”inin, “Şeyx Sənan”ının, “Topal Teymur”unun, “Peyğəmbər”inin, “Azər”inin, “Səyavuş”unun Ərtoğrol Cavidin fortepiano üçün sonatinoları, prelüdlər, miniatürlər, pyeslər ilə qarışıq səsləri çığlayır qulağımda. İnsan və musiqi… Həyatın ən böyük gözəlliklərindən ikisi… Atanın böyük romantizmlə yaratdığı obrazlardan və övladın böyük məharətlə nota köçürdüyü əsərlərdən gələn səslər... Yaxınlaşdıqca sanki bu səslərə məqbərənin qapısından, pəncərəsindən ruhumu sarsıdan “payız küləyi”nin vıyıltısı da qarışır. Bu külək ətrafdakı baharı tar-mar edir, özü ilə gətirdiyi saralmış, soluxmuş xəzəlləri yayır yaşıl otların üzərinə. Bu küləklə mücadilə edirmiş kimi onunla birlikdə çatıram məqbərənin önünə. “Nədir bu payız küləyi?” – deyə düşünərkən onun əsintiləri məni ədəbiyyatımızın görkəmli nümayəndəsi, ömrü boyu həqiqətə, gözəlliyə tapınan, “Hər qulun cahanda bir pənahı var, hər əhli-halın bir qibləgahı var, hər kəsin bir eşqi, bir Allahı var, mənim tanrım gözəllikdir, sevgidir”, – deyən ədalət carçısı, böyük mütəfəkkir Hüseyn Cavidin faciələrlə ötən ömrünün ürəkağrıdan saysız illərinə, aylarına, günlərinə aparır.

Bu küləklər mənə nələr danışır, nələrdən söhbət açır… Cavid əfəndinin yaşadığı cəmiyyətdə görmək istəyib, lakin görə bilmədiklərini öz faciəsinə çevirib faciələr yaratmasından… Bu faciələrin bir gün onun həyatına da sirayət edəcəyini kim zənn edərdi, deyə düşünərkən, duyur bunu külək, qırılır qolu-qanadı bu sözlərin ağırlığından. Susur… Sanki sözü mənə verir… Elə bu an ilk olaraq böyük ədibin sonuncu faciəsi olan Ərtoğrol Cavidin hələ uşaqlıqdan sanki ailə­sinin gələcək bəlalarını nə qədər həssaslıqla duyduğunu və onun 1932-ci ildə, 5-ci sinifdə oxuyarkən yazdığı “Sönük həyat” şeirində körpə təxəyyülün çırpıntılarını xatırlayıram:

Bir çiçək ki, yeni açmağa başlar,
Görənlər bir yarpaq həmən qoparar.
Ona toxunanlar həpsi vicdansız,
Könül çalan əfi, canavar, qansız,
Sonra çiçək incə boynunu büküb,
Göz yaşı yerinə zəhərlər töküb,
Gündən-günə solur, tikənə dönür,
Gözündə parlayan səadət sönür.

Bu bir körpə qəlbin gələcəyi görüb, hiss etdiklərini tək misralara köçürməsi deyildi, onun iç dünyasında başlayan fırtına, sonun başlanğıcı idi. Çünki cəmi 5 il sonra Cavid əfəndi böyük bir faciənin – 1937-ci ilin Azərbaycana əsdirdiyi repressiya küləklərinə tuş olarkən dövrün faciəsini yazan qələmi silaha çevrilib öz faciəsini yaratmağa başlayarkən onun məruz qaldığı bu ağır dalğanın zərbəsi ailəsi üçün də təsirsiz ötüşməyəcəkdi... Hər şey o gün başladı: 3 iyun 1937-ci ildə Hüseyn Cavidin həbsi üçün yazılan 509 saylı order… 4 iyun 1937-ci ildə isə şairin evində axtarışların aparılması, protokolların tərtib edilməsi… “12493 saylı işlə əlaqədar olaraq təhlükəsizlik leytenantı Klemençiçin təqdimatı ilə qanunsuz əks-inqilabi, millətçi təşkilatda iştirak etdiyinə görə Hüseyn Cavid Rəsizadə Azərbaycan cinayət məcəlləsinin 72-73-cü maddələri ilə həbs edilib, XDİK idarəsinin Ardom həbs evinə göndərilsin” qərarı… Və “xalq düşməni” damğası… Bütün bunlardan sonra həyat “Babam Hüsеyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor еtdi. Lakin dumanlar onun qarşısını aldılar...”, – deyən Ərtoğrol bəyin ömrünə qara dumanları çökdürdü. Ağır xəstəliyə düçar oldu. Mişkinaz xanım olmazın çətinlikləri ilə üz-üzə qaldı: Həbsxana ilə xəstəxana arası yollar həyatındakı bir-birindən sevimli iki insanı itirmək qorxusu ilə Mişkinaz xanımın sinəsindən bir qəm ­karvanının cığırını açdı. Bu karvan dərdli-dərdli addımlarkən ətrafdan yağdırılan xalq düşməninin yoldaşı, vərəm xəstəsinin anası kimi sözlər, bir də balaca Turanın səssiz-­səmirsiz, lakin onlarla suala cavab axtaran gözləri bu qadının dünyasını alt-üst edirdi.

Gözəl, ziyalı bir ailənin çox tərbiyəli, istedadlı övladı idi Ərtoğrol bəy. O, Hüseyn Cavidin:

Sеvinmə, gülmə, quzum, kimsənin fəlakətinə,
Bu hal, əvət, еyi bir şеy dеyil, sеvinmə, saqın!
Sеvinmə başqasının hali-pürsəfalətinə,
Toqunma qəlbinə bikəslərin, zavallıların.
İnan ki, bir acı söz, bir baqış, bir incə gülüş
Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar,

kimi insani hissləri, duyğuları,

Ölü, miskincə ömrə bin nifrət!..
Sizi bən sülhə еyləməm dəvət.
Əbədi sülh ümidi haqqı boğar,
Yaşamaqçın fəqət mübarizə var,

tövsiyələri,

Çarpış, еlmi bir inqilab ilə sən
Qəhrəman ol, öc al da vəhşətdən.
Bənliyin şimdi inliyorsa, yarın
Qalibiyyətlə parlasın alnın,

hayqırtıları ilə böyüyürdü.

Ərtoğrol bəy ədəbiyyata, musiqiyə bağlı bir gənc idi. Hələ 8 yaşında ikən poeziyada ilk addımlarını atmış, sonralar 50-dən çox gözəl şeir yazmışdı. Kiçik yaşlarından başlanan yaradıcılığı gələcəkdə onun xalqına, Vətəninə layiqli bir sənətkar kimi yetişəcəyindən xəbər verirdi... 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu əla qiymətlərlə bitirsə də, musiqiyə olan sonsuz məhəbbəti onu sənət dünyasına səsləyirdi. Bu sənət eşqi ilə də Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Dahi Üzeyir Hacıbəyovdan dərs alan Ərtoğrol bəy, çox keçmir ki, gözəl musiqi əsərləri bəstələyir. Sevimli müəlliminə həsr etdiyi “Doqquz variasiya”, skripka ilə fortepiano üçün “Poema” bu qəbildəndir. Gənc bəstəkar vokal janrında da gözəl əsərlər qələmə alır. Nizami Gəncəvinin 800 illiyi ərəfəsində şairin “Sevgili yar gəlmiş idi...” qəzəlinə romans yazır. Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairəsi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” şeirlərinə gözəl romanslar bəstələyir. Bundan əlavə, 200-dən artıq xalq mahnısını toplayaraq nota köçürür. 

Ərtoğrol Cavidin Azərbaycanın musiqi folklorunun toplanmasında böyük zəhməti olmuşdur. Folklor nümunələri ilə yanaşı, o həm də şifahi xalq ədəbiyyatımızın nümunələrini toplayıb tədqiq etmişdir. İkinci Dünya müharibəsi başlayarkən “Cəbhədən məktub” simfonik balladasını və marşlar yazmış, “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır. Ərtoğrol bəy 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplanmasında iştirak etmiş, 1941-1942-ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Avropa və rus bəstəkarlarının ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Hüseyn Cavidin ev-muzeyinin rəhbəri, filologiya üzrə elmlər doktoru Gülbəniz xanım Babaxanlının təşəbbüsü və tərtibatı ilə nəşr olunmuş ­13 cildlik “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” toplusu özünün nəfis tərtibatı və yüksək poliqrafik səviyyəsi ilə diqqətəlayiqdir. Tək elə cildlərin adlarına nəzər salmaq kifayətdir ki, Ərtoğrol Cavid dünyasının zənginliyinə bələd olasan.

I cild – “Azərbaycan adət-ənənələri və Ərtoğrol Cavid”.
II cild – “Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrol Cavid”.
III-VIII cildlər – “Azərbaycan dastanları və Ərtoğrol Cavid”.
IX-X cildlər – “Azərbaycan aşıq şeirləri və Ərtoğrol Cavid”.
XI cild – “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”.
XII cild – “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları”.
XIII cild – “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri”.

1942-ci ildə tələbə olmasına baxmayaraq, Ərtoğrol bəy ordu sıralarına çağırılmış, “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi. Çox ağır xəstə olan bu gəncin çiyinlərinə xəstə dövran da öz ağır yükünü qoymuşdu – cəbhəyə yollanmaqla ailəsinə bəraət qazandırmaq, alınlarına vurulan “damğanı” silib atmaq kimi ağır yükü. Bu, atasının ölümündən sonra ailədə yeganə kişi olaraq onun üzərinə düşürdü. Böyük bir mücadiləyə başlamışdı, qazanacaqdı da. Lakin amansız xəstəlik onu bu yolun sonunadək yolçu etmədi…

...Ərtoğrol bəy1943-cü il aprelin 26-da Tiflis xəstəxanasından böyük müğənni Bülbülə məktub yazır: “Hörmətli Bülbül dayı, salamlar. Bir ədib söyləmiş ki, həyat insanlardan da insafsızdır. Doğrudan da belə imiş. Tale məni elə bir dərdə saldı ki, bütün planlarım, arzularım alt-üst oldu. Qarşıdakı əsas məsələ möhkəm yemək, təmiz hava udmaq və dincəlməkdir. Bəlkə, kiçicik ömrümə bir neçə gün əlavə edə bildim. Vəziyyətim çox da yüngül deyil. Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir, gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa icazə vermir. Məktubu gizli, uzandığım halda yazıram. Vəziyyətin bu qədər ağırlığına baxmayaraq, gizli bir mənbə mənə daima qüvvət verir. Məni yaşadan bu qüvvə, sarsılmaz iradə və möhkəm inamdır, mən öz məqsədimə – idealıma çatacağam. O, musiqidir. Anam salamat gəlib çatdı. Üzeyir bəyin, sizin və konservatoriyanın mənə yardım etdiklərini söyləyincə gözlərim yaşardı. Demək, mən xatirələrdə yaşayıram. Yardımınıza görə çoxlu-çoxlu təşəkkürlər edirəm. Sağlıq olsun, heç bir yaxşılıq əvəzsiz qalmır. Mənim indiki planım Naxçıvana getməkdir. Orda hər bir şey var. Nənəmlə qonşu kəndlərə gedəcəyəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıran materiallar toplayacağam. Yanımda xeyli not və yazı kağızı var. Artıq yazacaq bir şey yoxdur. Vaxt edə bilsəniz cavab yazın. Yardımınıza görə yenə də dönə-dönə təşəkkür edirəm. Məndən hamıya – kabinetin əməkdaşlarına, müəllimlərimə, xatırlayanların hamısına salamlar. Əllərinizi sıxıram.

Sizin Ərtoğrol Cavid”. 

…Və altı ay sonra Ərtoğrol bəy 24 yaşında yaşamağa doymadığı bu vəfasız dünyadan əbədiyyən ayrılır.

76 il sonra bu gün olubmuş kimi yaşanan itkinin ağırlığı ilə xəyallardan ayrılıram. Uca, yaraşıqlı, Cavidlər ailəsinə layiq əzəmətli məqbərəyə yenidən nəzər salır, Cavid əfəndinin qızı Turan xanımın fikirlərini xatırlayıram: “Hər şеyə görə – atamı Vətən torpağına qovuşdurduğuna, əzizlərimi bir sərdabədə – Cavid məqbərəsində görüşdürdüyünə, Cavid ocağının çırağını yеnidən yandırdığına görə unudulmaz Hеydər Əliyеvə Tanrıdan ­rəhmətlər diləyirəm”.

Bəli, bu iltifat, bu qayğı yalnız qədirbilən xalqa, onun ədəbiyyata, mədəniyyətə, incəsənətə, ümumilikdə, dəyərli insanlarına qiymət verən böyük şəxsiyyətlərinə məxsus ola bilər. Hüseyn Cavidin nəşinin Uzaq Sibirdən, həyat yoldaşı Mişkinaz xanımın nəşinin Bakıdan və oğlu Ərtoğrol bəyin nəşinin Naxçıvan şəhər qəbiristanlığından gətirilib məqbərədə bir yerdə dəfn olunması ümummilli liderimiz Heydər Əliyevin Cavidlər ailəsinə layiq olduqları dəyəri verməsi idisə, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinə Ərtoğrol Cavidin adının verilməsi, muxtar respublikamızda bu böyük şəxsiyyətlərin yubileylərinin qeyd olunması və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 18 aprel tarixli Sərəncamı bu unudulmaz insanlara növbəti qayğının təzahürüdür.

Elə bu düşüncələrlə də məqbərədən ayrılıram… Baharın ağuşuna aldığı xiyabanda ruhumda yenə əsən həmin payız küləkləri, bir də bayaqdan bəri kökləndiyim qəm notları məni tərk etmir. Bu qəm notları ətrafda Ərtoğrol bəyin həzin melodiyalarının fonunda Cavid əfəndinin lap çoxdan – Ərtoğrol bəy hələ onun sonuncu faciəsinə çevrilməmişdən, lakin bəlkə də, bir vaxtlar böyük uzaqgörənliklə yazdığı bu misraları səsləndirir:

Beş gün ömrün neçə əfsanəsi var,
Eşqi var, badəsi, peymanəsi var.
Sonu həsrətlə bitərkən əfsus
Yenə dünya dolu pərvanəsi var.

 Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: