“Öz biznesinə başla və onu inkişaf etdir” təlimi başa çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə “Öz biznesinə başla və onu inkişaf etdir” təlimi yekunlaşıb.

Naxçıvan şəhərində keçirilən təlimlər zamanı iştirakçılara pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri  və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.

 “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən olmaqla 66 qadın iştirak edib. “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” layihəsinin sonrakı mərhələsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimində ən yaxşı biznes planı tərtib edən 40 qadına sərmayə kapitalı veriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik edib, 19 təlim iştirakçısına sertfikatlar təqdim olunub. Təlim iştirakçıları təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlıq ediblər.

Qeyd edək ki, təlim Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və   BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində həyata keçirilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: