Naxçıvanda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər miqrasiya sahəsində maarifləndirilir
Yarandığı ilk gündən fəaliyyətini insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qazandığı uğurların təzahürü kimi qədim diyarda əcnəbilərin hüquqi təminatçısına çevrilib.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Dövlət Miqrasiya Xidmətində muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə keçirilən növbəti maarifləndirici tədbirdə səsləndirilib.
Xidmətin əməkdaşı Vəli Quliyev bildirib ki, belə tədbirlərin təşkili həm muxtar respublikada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, həm də qədim diyarımızın turizm potensialının təbliğinə xidmət edir.
Vurğulanıb ki, qədim diyarımıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqıödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri daim diqqət mərkəzində saxlanılır. Xidmət əməkdaşı çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Vəli Quliyev Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının əcnəbilərin və ölkə ictimaiyyətinin daha rahat istifadəsi üçün cari ilin əvvəlində tamamilə yeniləndiyini, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirildiyini qeyd edib. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına, maariflənmələrinə xidmət edir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov deyib ki, Naxçıvanın zəngin turizm potensialı, ecazkar təbii gözəllikləri, tarixi-mədəni abidələri, həmçinin müasir təhsil bazası əcnəbilərin muxtar respublikaya olan marağını ilbəil artırır.
Tədbir iştirakçıları “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi haqqında hazırlanmış videomateriala baxıblar.
Sonda əcnəbilərin Əshabi-Kəhf ziyarətgahına ekskursiyası təşkil olunub.
Tədbir əcnəbilərdə xoş ovqat yaradıb.