Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi 2019-cu ilin may ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılıb.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, may ayında 17 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, Naxçıvan şəhəri, Ordubad və Şahbuz rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilib.
Şərur rayonunda daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, Kəngərli rayonunda planaalma işlərinə başlanılıb. Ay ərzində 2063 daşınmaz əmlak obyekti plana alınıb. Kəngərli Rayon İcra Hakimiyyətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Şahbuz rayonunun Kükü, Qızıl Qışlaq və Güney Qışlaq bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılıb.
May ayında 479 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 383 texniki sənəd hazırlanıb, yeni yaranmış 62 daşınmaz əmlak obyektinə ünvan verilib. 75 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilib, 10 küçədə quraşdırılacaq ünvan lövhələrinin və giriş nömrə nişanlarının miqdarı müəyyənləşdirilib. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 39 vətəndaşın müraciətinə baxılmış, 145 vətəndaşa elektron xidmətlər göstərilib.