“Sabahın müəllimi” layihəsinin icrası çərçivəsində muxtar respublikanın ali təhsil ocaqlarında pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüşlər keçirilir və məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə tanış edilirlər.
NUHÇIXAN xəbər verir ki, növbəti görüş Naxçıvan Dövlət Universitetinin tələbələri ilə olub.
Görüşdə qeyd olunub ki, “Sabahın müəllimi” layihəsi muxtar respublikada innovativ təcrübəli müəllim kadrlarının hazırlanmasına müsbət təsir göstərən yeni layihədir.
Bildirilib ki, layihənin əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat vermək, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, tələbələrin dərslik və metodiki vəsaitlərinin müzakirəsində iştirakının təşkili və məzunların gələcəkdə işlə təmin edilməsindən ibarətdir.
Sonra pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə vakant müəllim vəzifələri və müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları barədə məlumat verilib.
Ərhan Novruzov