VI yazı
Ağşəhərin mərkəzindən Təkkə kəndinə gedən yolun bir neçə kilometrliyində yolun sağ tərəfindəki yaşıl meşəliyin içərisində, Ağşəhərdə Təkkədərəsi adlandırılan çayın sol yamacında Köycəyiz adlanan ərazidə hasara alınmış təxminən 100 kvadratmetrlik yerdə iki məzar var. Bunlardan biri Ağşəhərlilər arasında Şeyx Əlvan, Əlvan-əl-Ağşəhri, Nemətullah Naxçıvani, Baba Nemətullah, Baba Nemət, Nemətullah Sultan olaraq müraciət edilən, bizi Naxçıvandan buralara kimi gətirib çıxaran Nemətullah Naxçıvaniyə, digəri isə dövrünün məşhur mütəsəvvüflərindən biri olub 15 may 1930-cu ildə vəfat edən, vəsiyyəti əsasında Nemətullah Naxçıvaninin qəbri yanında dəfn edilmiş Ağşəhər müftisi Dəbbağzadə Əli Rza Əfəndiyə məxsusdur.
Ağşəhərdə hər kəsin tanıdığı Nemətullah Naxçıvani bu yerlərin adamlarının üz tutduğu müqəddəs şəxsiyyətlərdən biridir. İnsanlar onun ruhaniyyətindən istifadə edərək, onu vasitəçi göstərərək Allaha dua edər və bununla dualarının qəbul olduğuna inanarlar.
Mənbələrdən məlum olduğuna görə Nemətullah Naxçıvani o dövrdə 15 ilə yaxın Karaman vilayətinə bağlı olan Ağşəhərdə müddətdə yaşayıb, Osmanlı sultanı II Bəyazid dövründə vəfat edib.
Hamımız uzun illərdir görmədiyimiz ən doğma adamımızı tapmış kimi məzarla görüşə tələsirik. Dəmir məhəccərlə əhatələnmiş yerə daxil olan kimi ilk işimiz Nemətullah Naxçıvaninin ruhuna “Fatihə” oxumaq olur. Bundan sonra isə hamı müqəddəslərə yaraşan bir hörmətlə məzara yaxınlaşır, başına dolanır, məzar ətrafındakı yazılara diqqət kəsilir. Tən ortada ucalan iki böyük akasiya ağacına heyrətlə tamaşa edirik.
Məzarın sənduqəsinin dörd bir tərəfində kitabələr var, heyətimizdə yer alan gənclər bununla bağlı tədqiqatlar aparmaq üçün müəyyən fotolar çəkirlər. Ərəb-fars dillərində məlumatlı olan Mahirə xanım sənduqə ətrafındakı yazılara diqqət kəsilir.
Naxçıvandan yola düşməzdən əvvəl 5 əsrdən çoxdur Naxçıvandan uzaq düşən Nemətullah Naxçıvaninin məzarına səpmək üçün özümlə bir ovuc Naxçıvan torpağı götürmüşdüm. Həmin torpağı məzarın üzərinə səpəndə içimdə anlaşılmaz bir irfan mehi əsirdi. Bu bəlkə də Naxçıvan torpağının qoxusunu hiss edən Nemətullah Naxçıvaninin içimdə hiss etdiyim mənəvi aurasından doğan təsir idi.
Memarlarımız məzarın ölçülərini götürməyə başlayırlar. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı”nda da qeyd edilən “Nemətullah Naxçıvani qəbrinin bərpa olunması” üçün məzarın hər tərəfində eskizlər götürür, kağız falkalara məzar üzərindəki yazıları köçürür, televiziyanın əməkdaşları bunu lentə alırlar.
Biz burada olarkən Türkiyə Böyük Millət Məclisinin Konyadan olan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orhan Erdem Azərbaycandan, Naxçıvandan belə bir heyətin gəldiyini öyrəndiyi üçün Ağşəhərə heyətimizlə görüşməyə gəlir. Çox qısa da olsa hamımızla görüşən, söhbət edən millət vəkilinin Azərbaycan sevgisi bizi çox məmnun etmişdi. Bu ələdüşməz fürsəti qaçırmaq istəməyən jurnalsitimiz Ruhiyyə xanım, Orhan Erdem bəyi kamera önünə çəkərək Nemətullah Naxçıvani ilə bağlı fikirlərini öyrənməyi də unutmur.
Məzarın ziyarəti zamanı Ağşəhər bələdiyyəsinin sədri Salih Akkaya hər il may ayının 6-da Türkiyədə keçirilən Xıdırellez bayramı zamanı Ağşəhərlilərin buraya üz tutduqlarını, bayramı burda xüsusi təmtəraqla qeyd etdiklərini, Nemət babaya dua bağışladıqlarını da diqqətə çatdırır.
Məzar ziyarətimizi tamamlayıb Ağşəhərdə Nemətullah Naxçıvani ilə bağlı digər məkanlara üz tutduq.
Nemətullah Naxçıvani adına İmam Hatib orta məktəbinə gəlirik. Ətrafın yaşıllığı, dağlıq yamacların meşəliklərlə dolu olması şair ruhunu riqqətə gətirirdi. Məktəbin həyətində dayanıb bu mənzərələrə tamaşa edərkən Ruhiyyə xanım həyəcanla məktəbin qapısından çıxıb məni çağırdı. Həyəcanla qolumdan tutub içəriyə darta- darta “Sürprizi görmüsən?”– deyə soruşurdu. Heç birimiz bunu gözləməsək də dünən konfransda söylədiyim şeir məktəbin girişində böyük ölçüdə tabloya salınaraq foyedə Nemətullah Naxçıvani haqqındakı məlumat lövhəsinin yanından asılmışdı. Düzü, bu mənim üçün də gözlənilməzdi. Təəccüb içində donub qalmışdım, hislərimi büruzə verə bilmirdim. Bu anı heç vaxt unutmayacağıma əmin idim. Şeirimin yanında dayanıb xatirə şəkli çəkdirdim. Azərbaycanın Türkiyədəki təhsil müşaviri Nəcibə xanım, yol yoldaşlarım Rəna xanım, Ruhiyyə xanım, Rəşad müəllim də mənimlə birlikdə şəkil çəkdirdilər. Məktəbin müdiri Mehmet Ali Kılıcla şəkil çəkdirəndə məsələ aydınlaşdı. Dünən konfransın ikinci bölməsi davam edərkən zalda bir nəfər mənə yaxınlaşıb çıxışımın sonunda oxuduğum şeiri bəyəndiyini, mümkünsə o şeiri özü üçün köçürüb götürmək istədiyini bildirmişdi. Nurani siması, səmimi və təvazökar görünüşü ilə yanıma yaxınlaşan gənc həmin adamdı.
Məktəblə tanışlığımız da maraqlı oldu. 2013-cü ildən fəaliyyət göstərən məktəb Ağşəhərin tanımış təhsil ocaqlarından biridir. Ümumilikdə 420-yə yaxın şagirdin təhsil aldığı məktəbdə şagirdlərə ilahi elmlər, dini bilgilərlə yanaşı digər fənnlər də ətraflı şəkildə öyrədilir. Nemətullah Naxçıvaninin Quran təfsiri də ayrıca proqramla tədris olunur. Məktəbin işıqlı və müasir avadanlıqlarla təchiz olunmuş sinifləri, zəngin kitabxanası diqqətimizdən yayınmadı. Məktəb direktoru Mehmet Ali Kılıçın otağında heyətimizə rəhbərlik edən Cəbi müəllim və layihə rəhbəri Nərgiz xanım məktəbə Naxçıvandan gətirilmiş hədiyyələri, Naxçıvan haqqındakı kitabları hədiyyə etdilər.
Daha sonra Ağşəhərin özünəməxsus köhnə evləri yerləşən küçələrindən keçib şəhər bələdiyyəsinə yollanırıq. Bizi çaya dəvət etmiş bələdiyyə sədri Salih Akkaya rəhbərlik etdiyi bölgə haqqında ətraflı məlumat verir. Heyət üzvlərinin hər birinə Nemətullah Naxçıvaninin yeni nəşr olunmuş 5 cilddən ibarət Quran təfsirini hədiyyə edir. Bundan başqa mənə və bir neçə heyət üzvünə Nəsrəddin hocanın adı ilə məşhur olan bölgənin özünəməxsusluğunu özündə əks etdirən, Nəsrəddin hocanın tərsinə işləyən divar saatını bağışlayır.
Görüş zamanı bələdiyyə sədrinin səsləndirdiyi bu sözlər qürurverici məqamlardan biri idi: “İnşallah gələcəkdə Ağşəhərdə Nemətullah Naxçıvani ilə bağlı konfransların keçirilməsinə ev sahibliyi etmək arzumuzu bildirmək istəyirəm. Bunun üçün hər cür dəstəyə və qonaqpərvərliyə hazırıq. Bu mənada onu da deyim ki, Naxçıvan bizim üçün çox önəmli bir məkandır. Bu əlaqələrimizi davam etdirib ortaq mənəvi dəyərimiz olan Nemətullah Naxçıvani kimi şəxsiyyətlərimizi gənc nəsillərə tanıtmalıyıq. Bu müqəddəs şəxsiyyət Ağşəhərlə Naxçıvanı qardaş şəhərlər kimi də doğmalaşdıra bilər. Gələcəkdə də bu barədə təşəbbüslər göstərməyi arzu edirik”.
Artıq memarlarımız da işlərini bitirib bizə qoşulurlar. Bələdiyyə sədri ilə görüşdən sonra 1994-cü ildə istifadəyə verilmiş Nemətullah Naxçıvani Məscidinə üç tuturuq. Naxçıvan Televiziyasının əməkdaşları burada çəkilişlər apararkən biz də fürsətdən istifadə edib Nemətullah Naxçıvani Məscidində dualar edirik. Beləcə Ağşəhər səfərimizi başa vurub Konyaya qayıtmaq üçün maşınımıza əyləşirik. Ağşəhərdən ayrılmaq çətin olsa da, hər səfərin bir dönüşü olduğu həqiqətini də qəbul etməliydik. Maşına oturarkən səfər yoldaşlarımızın üzünə diqqətlə nəzər yetirdim. Hamının baxışları qeyri-müəyyən boşluqda donub qalmışdı. Sanki heç kim buradan, bizim üçün müqəddəs mənəvi körpüyə çevrilmiş Nemətullah Naxçıvaninin uyuduğu məkandan ayrılmaq istəmirdi. Halımızı “Nəsimi” filmindəki məşhur ifadə ilə ifadə etmək olardı: Gedən cismimiz idi, ruhumuz isə...
Hava qaralmağa başlayır. Günəş masmavi göylərlə yamyaşıl meşələrlə örtülmüş dağların birləşdiyi üfüq xəttində qırmızımtıl qürub zolağı salaraq görünməz olub. Ağşəhərdən uzaqlaşdıqca təəssüratlar dilə gətirilməyə başlayır. Hədiyyə verilmiş kitabları vərəqləyirik. Bu anlarda İqdır Universitetinin İlahiyyat fakultəsinin professoru Abdulhakim Yücənin “Naxçıvanlı məşhur müfəssir və mütəsəvvüf Naxçıvani” adlı məqaləsinin sonunda qeyd etdiyi bu fikirləri yaddaşımı döyəcləyirdi: “Nemətullah Naxçıvani geniş mənada Azərbaycanla Türkiyə, dar mənada isə Konya ilə Naxçıvan arasında bir elm körpüsü olmağa namizəd bir müəllifdir. Bir tərəfini Mövlanənin, digər tərəfini Nemətullah Naxçıvaninin təşkil etdiyi bir körpünün nə qədər möhkəm və vacib olduğunu düşünməli və Nemətullah Naxçıvanini bu mənada qiymətləndirməli olduğumuzu da nəzərə almalıyıq”.
...Hamının ürəyində heyətimizin gənc üzvü Hüseyn İmanov üçün bir dua var. İki gün sonra magistratura imtahanlarına girəcək gənc dostumuz bizdən ayrılaraq Konya-Ankara-İqdır təyyarə reysi ilə Naxçıvana qayıtmalı olmuşdu.
...Konyada sərin axşam mehi əsirdi. Uğurlu və çox əhəmiyyətli keçən bir neçə gün artıq sona çatmışdı, sabah Naxçıvana yola düşəcəkdik. Hamı çantalarını hazırladıqdan sonra Səlcuk Universitetinin bir neçə kilometrliyindəki Bosna-Herseq yaşayış bölgəsinə yollanırıq. Naxçıvanlı tələbə Kamal bizi dünəndən qonaq dəvət etmişdi. Memarlarımız eskizlərini, jurnalistimiz qeydlərini, gənc alimlərimiz yeni məlumatları qeyd etdiyi dəftərçələrini götürüb “Qəhvə dünyası”na yollanırlar. Masalara dağılışıb zövqlə və həvəslə işləyirik. Bitməsini istəmədiyimiz gecədə isə zaman çox sürətlə irəliləyirdi.
(ardı var)
Elxan Məmmədov
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru