Cənnət görmək istəyən...

A- A A+

Məzuniyyət müddətim başa çatmaq üzrəydi, həmkarlarımdan birinin zəngi  qəlbimi sevinclə doldurdu. Bir qrup media əhli  Batabata  səfər edəcək, bir günlərini təbiətin bu ecazkar məkanında keçirəcəkdilər. Açığını deyim ki, sevincim sevincə qarışmışdı. Həmkarlarımla  bir yerdə və  həm də ən çox sevdiyim məkanda olacaqdım. Bu sevinci yol yoldaşlarım olacaq Sara Əzimovanın, Muxtar Məmmədovun, Səməd Canbaxşiyevin, Rauf Kəngərlinin, Şəhla Nəbiyevanın, Məmməd  Babayevin, Elxan Yurdoğlunun   və digərlərinin də üzündə duydum.  Türkiyə Respublikasından olan jurnalist Muhamməd Akkuş Batabatın adını eşitsə də  ilk dəfə idi ki, bura gedirdi. 

...Biçənək kəndinin girişindən başlayaraq addım-addım havanın temperaturunun aşağı düşməsini hiss edirdik. Şəhərin istisi ilə müqayisə edir,   yol kənarlarında bizi “ salamlayan”  qırmızı, bənövşəyi, ağ, sarı çiçəklərə,  kəklikotuna, yarpız, baldırğan və daha  adını saymaqla bitməyəcək otlara, çiçəklərə  xoş təbəssümlə cavab verirdik.  Batabata qalxdıqca,  tamamilə gül-çiçəyin bihuşedici ətrinə büründük.  Bura addım qoyan hər kəsdə “Batabat möcüzəvi yerdir” inamı hakim kəsilir. Çünki ətraf aləm bir andaca insanın ağlını başından alır, buranın Yer üzünün cənnəti olması həqiqətinə şəkk-şübhən qalmır. İnsan bunu   gözəlliklərin içində addımladıqca duyur və təsdiq edir. 

 Maşınımız dolayı, asfalt yollarla bizi hüsnünə onlarla şeirlər qoşulan, nəğmələr bəstələnən  Batabatın dərinliklərinə  aparır. Əslində Batabatda peşəmizlə əlaqədar olaraq dəfələrlə olmuşuq. Amma bu dəfəki gəlişimizdə sadəcə özümüzük və istirahət etməyə gəlmişdik.

 Əvvəlcə Batabat restoranında dayandıq. Bir samovar çayı içib  təbiətin seyrinə çıxdıq. Əslində elə  bura da təbiətin qoynu idi. Ağacların altında  olan istirahət yerlərinin heç biri boş deyildi, Elə restoranın həyəti də adamla dolu idi. Muxtar respublikanın hər yerindən gələn insanların içərisində,  xarici ölkələrdən  olan qonaqlar da az deyildi.  Fürsətdən istifadə edib ətrafımızda olan yeməli və şəfalı  dağ pencəri olan quş quyruğundan  yığmağa başlayıram. Tanıyanlara tanımayanlar da qoşulub bu bitkinin dadına baxdılar.  Elə  ətrafda olan  maral baldırğanı, cacıq da ağzımızın dadını dəyişdi.  Bizə baxıb ətrafdakılar da  otların arasından  bu bitkilərdən yığırlar. Bir qadınsa yaxşı vaxtında gəlmişəm,-deyə bitkilərin arasından dikcə toplamağa başlayır, deyir ki,  yaxşı dolması olur.

Sonra Batabatın seyrinə çıxdıq...Ətrafdakı dağların zirvəsi hələ qardı. Hər tərəf min bir rəngə çalan güllər, onlara daha gözəllik gətirən lalələr...

...Gözəllik hər kəsi ovsunlamışdı. Kimisi bu anı fotoaparatın yaddaşına köçürür, kimisi çiçək yığıb dəstə tutur, kimisi dərman bitkiləri araşdırır, kimi də Məmməd Araz  poeziyasından təbiətlə bağlı məqamları əks etdirən şeir deyirdi.   Şair  Elxan Yurdoğlu qələm məhsulundan bizə “pay” verirdi.

Batabata  gələnlər hansı tərəfini gəzsələr, istirahət etsələr də, mütləq, Zorbulağa gəlməyi, onun buz suyundan içməyi sanki bir ənənə halına salıblar. Batabata gələsən, Zorbulağı görməyəsən, buz suyunda əl-üzünü yumayasan, deməli onda bu yerin möcüzələrindən birini  heç görməmisən kimidir.  Bizdə yolumuzu  oradan saldıq. Bulağın başındakı geniş meydanda maşın maşına söykənib. Yerli turistlərlə bərabər əcnəbi  qonaqlar da çoxdur.

 Bulağın suyundan içənlər, onu qablara doldurub xəstəyə dərman kimi özü ilə aparanlardan başqa gənclər daha çox   Zor bulağın üzərindəki xınalı qayalara dırmanaraq orada şəkil çəkdirirlər. Gölün kənarında sanki xüsusi şəkil çəkdirmək üçün təbiət tərəfindən qoyulmuş daşa növbə yaranmışdı. Batabat yaylasında xeyli sayda mineral bulaqlar var, amma  Zor bulaq bulaqların şahıdır.  Yəqin ki, adı da elə suyunun soyuqluğundan, yaranıb. Buz kimi bulağın suyundan nəinki içmək, əl vurmaq belə sözün əsl mənasında zor-çətindir.

Əcnəbi qonaqların arasında olan və Amerikadan gələn qonaq özünü saxlaya bilmədi. Ayaqyalın buz kimi, dumduru  suyun axdığı gölə girdi. Elə anındaca içini çəkib kənara çıxdı. Bu isə təbii ki ətrafdakıların gülüşünə səbəb oldu. Çünki Batabatın soyuq suyunda əlini belə bir dəqiqə saxlamaq mümkün deyil, o ki qala ayaqyalın suya girəsən.

Batabatın hər tərəfinə təmizlik qutusu qoyulub. Və doğrudan da  bura hər gün  bu qədər insan axının qarşısında təmizliyi qorunur, diqqət edilir.

Batabatın suyu, havası, çiçəkləri, təbiəti dərmandır desəm, buranı gəlib görən hər kəs təsdiq edər. Bu barədə bir tanışım maraqlı fakt deyir: “İki ay olardı boğazım qıcıqlanır,  öskürürdüm. Bəzən boğulurdum da. Dava-dərman da eləyirdim, bitki çayları içirdim. Amma öskürmə sanki inadla yapışmışdı boğazımdan. Payız vaxtı idi. Bakıdan qonağım gəlmişdi. Onu Batabata aparmağı düşündüm. Söyüdlü bulağa çatanda susadığımı hiss etdim. Bir stəkan soyuq sudan qurtum-qurtum içdim və düşündüm ki,  öskürək daha da artacaq. Hava da çox küləkli, soyuq idi.  Amma tərsinə oldu.  Batabatdan qayıdanda artıq sağalmışdım.” 

Batabat təkcə istirahət, gəzməli, görməli yer deyil, həm də bütün bitkiləri ilə insanlara verilən töhfədir, ərməğandır. Turistləri heyran qoyan  Tanrı möcüzəsidir. Odur ki,  gələnlər, görənlər Batabatdan doymur, təkrar-təkrar gəlirlər. Həm də təkcə yox,  qonaqları, dostları ilə...

Hafizə Əliyeva

Naxçıvan Dövlət Televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: