Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR
Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən hazırlanan “Bağçalar arasında dostluq və əməkdaşlıq körpüsü” layihəsi uğurla icra olunmaqdadır. Layihəyə əsasən, bağçalarda mütəmadi olaraq açıq dərslər və əlamətdar günlərlə bağlı tədbirlər keçirilir. Növbəti açıq dərslər və Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş növbəti tədbir Naxçıvan şəhərindəki 2 nömrəli uşaq bağçasında keçirilib.
Bağçanın II böyük qrupunun tərbiyəçisi Tünzalə Heydərovanın “Kəsib-yapışdırma” məşğələsində “Bayrağım mənim” mövzusunda keçdiyi açıq dərsdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Gerbi və Dövlət Bayrağı haqqında uşaqlara ətraflı məlumat verib. Daha sonra dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağının rəngləri, onun üzərindəki ay və ulduz haqqında balacalara məlumat verən tərbiyəçi onlara kəsilmiş rəngli kağızlardan bayraq düzəltməyi tapşırıb. Tapşırığı yerinə yetirən uşaqlar tərbiyəçi tərəfindən qiymətləndirilib.
Bağçanın I böyük qrup tərbiyəçisi Vüsalə Ağəliyeva isə “Sadə riyazi təfəkkürlərin inkişafı” məşğələsində “Məsələ tərtib etmək bacarıqlarının möhkəmləndirilməsi” mövzusunda açıq dərs keçib. Açıq dərsdə uşaqlar əvvəlcə ötən dərslərdə öyrəndiklərini – beşə qədər saymaq, tərsinə saymaq, tək və cüt rəqəmləri göstərmək, həndəsi fiqurları tanımaq bacarıqlarını nümayiş etdiriblər. Sonra tərbiyəçi qələm və meyvələrdən istifadə edərək balacaların sadə məsələ qurmaq bacarıqlarını inkişaf etdirməyə çalışıb və onlara tapşırıqlar verib. Verilən tapşırıqlara əməl edən balacalar qiymətləndirilib.
Daha sonra bağçanın tədbirlər zalında Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. Bağçanın musiqi rəhbəri Günel Fərzəliyevanın rəhbərliyi ilə hazırlanan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin balaca aparıcıları Naxçıvan Muxtar Respublikasının yaranması, muxtar diyarımızın dünəni və bu günü haqqında, həmçinin muxtar respublikamızın müstəqillik illərində keçdiyi böyük inkişaf yolu barədə iştirakçılara ətraflı məlumat veriblər. Sonra uşaqlar muxtar respublikamızın tarixi abidələrinə, təbii sərvətlərinə, gözəlliklərinə aid şeirlər söyləyiblər.Daha sonra müxtəlif mahnılar oxunub, maraqlı rəqslər təqdim olunub.
Dahi şair-dramaturq Hüseyn Cavidin “Qız məktəbində” əsəri və naxçıvanlı böyük ədib Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında hazırlanan səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda dinlənilən dərslər və keçirilən tədbir geniş müzakirə olunub. Müzakirə zamanı qabaqcıl təcrübə və nöqsanlardan söz açılıb.
Aydan Yunisqızı