Ruqiyyə xanımı unutmayacağıq…

A- A A+

“Şərq qapısı” qəzetində 40 ildən çox korrektor vəzifəsində  işləyən Ruqiyyə Əliyevanın aramızdan ayrılması mənim kimi digər jurnalist həmkarlarımızı da dərindən kədərləndirdi.  Həssas təbiətə malik olan Ruqiyyə xanım  “Şərq qapısı” qəzetinin əsl fədaisi olub.  Qəzetdə  işləyə-işləyə Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. Qəzetdə çalışanlar yaxşı bilir ki, korrektor işi qəzet üçün olduqca önəmli və məsuliyyətli işdir. Bu iş texniki iş olsa da, hər zaman yaradıcılıq da tələb edir. Ana dilimizin qrammatikasını mükəmməl bilən Ruqiyyə xanım filologiya sahəsində təhsili, savadı, ən başlıcası isə, məsuliyyətli, diqqətcil olması ilə seçilirdi.  

Ruqiyyə xanımla 12 il bir yerdə çiyin-çiyinə çalışmışıq. Onu yaxşı tanıyan biri kimi deyə bilərəm ki, qəzetin səhifələrini vərəqləyəndə  gözümüzə dəyən hər bir yazıda Ruqiyyə xanımın zəhməti və əməyi danılmazdır. Mətbəə, çap işinin, qəzetin çətinlikləri heç zaman onu qorxutmayıb. İşlədiyi müddətdə heç bir redaktor, heç bir müxbir onun işindən narazılıq etməyib. Çünki o, vəzifəsinə həmişə məsuliyyətlə yanaşıb.   Evinə axşam saat 8-də, 10-da, hətta 12-də getsə belə, işindən heç zaman şikayətlənməyib. Tale Ruqiyyə xanıma ailə qurmaq nəsib etməmişdi. Amma buna baxmayaraq işlədiyi müddət ərzində qəzetdə fəaliyyətə başlayan hər bir gəncə öz övladı kimi yanaşırdı. Bildiklərini  gənclərə həvəslə öyrədirdi.  Hazırda qəzetdə çalışan gənc   korrektorlar Ruqiyyə xanımın yetirmələridir.  

“Ola bilər ki, müxbir, redaktor hardasa bir səhv etsin, amma korrektor bunu hiss etməlidir, səhvi tutmağı bacarmalıdır”, - deyən Ruqiyyə xanım qəzetdə gedəcək yazıları dönə-dönə oxuyurdu. Hər həftə qəzetdə birimiz növbətçi düşürdük.  Ruqiyyə xanımın növbəsində arxeyin olurduq ki,  qəzetdə heç bir səhv getməyəcək.  Çünki komputerdə çıxan yazılarda bəzən bizim gözdən qaçırdığımız səhvlərin qənimi olurdu.

Qeyd edim ki, Ruqiyyə xanımın dövlətimiz tərəfindən əməyi də yüksək qiymətləndirilib. 2010-cu ildə ölkə başçısının imzaladığı sərəncamla Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 

Onu da xüsusi vurğulamalıyam ki, Ruqiyyə xanım işlədiyi müddətdə heç kəsi özündən incitməyib, əksinə, xoş və səmimi rəftarı, şirin dili ilə doğmalıq münasibəti yaratmışdı.  Təbii ki, bu xarakter onun mənəvi dəyəri idi.  Deyirlər ki, ürək ən böyük xəzinədir. Bu baxımdan da Ruqiyyə xanım xoşbəxt insan idi.  Ona görə ki, qəlbi, hissiyatı, mənəvi aləmi sağlam idi.  Ən çox da buna  görə o ,Naxçıvanda həmkarları arasında  böyük hörmət qazanmışdı.  Bu gün də, sabah da hər birimiz onu  yüksək insani keyfiyyətləri ilə xatırlayacağıq. 65 yaşında aramızdan  ayrılan Ruqiyyə xanım dəyərli bir insan  kimi ürəklərdə həmişə yaşayacaqdır. 

         Sara ƏZİMOVA

   jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: