Türk oğlu Ərtoğrol Cavid

A- A A+

Məlum olduğu kimi, 1937-ci il repressiyaları xalqımızı təkcə milli tarixindən, söykökündən ayırmaq istiqamətinə yönəlməmişdi, o həmçinin  ədəbiyyat və mədəniyyət sahəsindəki işıqlı ziyalılarımızı da məhv edirdi.  Belə işıqlı ziyalılardan biri də görkəmli şair, dramaturq Hüseyn Caviddir. Bu böyük insanı milli görüşlərinə görə həbsə atıb ona 8 il iş kəsərək uzaq qarlı Sibirə sürgün etdilər. Özü mərd mübariz, əyilməz bir türk oğlu olduğu kimi, övladı Ərtoğrol Cavid də atasının təmiz adına həmişə sadiq qalmış, 24 illik qısa ömründə yazıb yaratmaqdan, xalqına xidmət etməkdən bir an belə geri qalmamışdır. Eyni zamanda bu dəmir iradəli gənc “xalq düşməni”nin oğlu kimi ömür sürməyi ləyaqətinə sığışdırmayıb. 1939-cu ildə qələmə aldığı  tərcümeyi-halında bu mətin gənc belə yazırdı: “Mən Cavid Ərtoğrol 1919-cu il 22 oktyabrda Bakı şəhərində doğulmuşam. 1926-27-ci il Azərbaycan Darülmüəllimatı yanındakı nümunə məktəbinə daxil olub, 1927-28-ci ildə 8-ci şura məktəbinə dəyişilmişəm. 1935-36-cı illərdə tədris zərbəçisi kimi oranı bitirmişəm. Valideynlərimə gəlincə, atam Hüseyn Cavid 1882-ci ildə doğulub. Revolyusiyaya qədər müəllimliklə məşğul olmuş. Müəllimlik stajını nəzərə alaraq ona persional pensiya verəcəkdilər. Lakin onun əsas sənəti yazıçılıq, dramaturqluq idi. 1937-ci il iyunun 3-də ailəsinə, o cümlədən mənə hələ də məlum olmayan səbəblərlə Az.XDİK tərərəfindən həbs edilmiş, 1939-cu ildə 8 il hüquqdan məhrumluqla məhkum edilmiş. Anam isə ibtidai savad almış bir qadındır, daima ev təsərrüfatı aparmış. Son il tikiş artelində işlədi, lakin əlləri ağrıdığından və gözləri zəif gördüyündən işi tərk etdi. Ailəmiz üç üzvdən ibarətdir: anam, bacım və mən. Heç birimiz seçki hüququndan məhrum edilməmişik. Maddi vəsait mənim stipendiam və iş maaşımdır. Dərs oxumaqla bərabər ailə şəraitinin ağırlığı ilə mən Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat Kabinetində elmi işçi kimi işləməkdəyəm.”

Ərtoğrol 1936-cı ildə daxil olduğu Pedaqoji İnstitutun filoloji fakültəsini 1940-cı ildə bitirdikdən sonra 1941-ci ildə çox sevdiyi musiqi ali təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Eyni zamanda Konservatoriyanın nəzdindəki musiqi məktəbində işə düzəlir. 1942-ci il fevralın 25-də ordu sıralarına çağrıldığına görə işdən azad olunur. “Xalq düşməni”nin oğlu olduğuna görə onu ön cəbhəyə yox, arxa cəbhədə xidmətə göndərirlər. Abxaziyada xidmət edir. Böyük Cavidin başına gətirilən müsibətlər, bununla əlaqədar ailə qayğıları, keçirdiyi mənəvi sıxıntılar, daxili sarsıntılar Ərtoğrolun sağlamlığına zərbə vurmuşdu. Hərbi xidmət zamanı səhhəti daha da pisləşdiyinə görə 1943-ci ilin mart ayından Tiflis hospitalında yatmağa başlayır. Vəziyyəti çox ağır olduğundan Moskvadan vətəninə gedən Əziz Şərif 1943-cü il sentyabrın 3 də qatarla onu Naxçıvana aparır. Amma burada vəziyyəti daha da ağırlaşır. Cavid yadigarı 14 oktyabr 1943-cü ildə Naxçıvanda vəfat edir.

Qeyri-adi istedad sahibi olan Ərtoğrol Cavid qısa ömrünə rəğmən yaradıcılıqla məşğul olub, musiqişünas, filoloq-alim, tərcüməçi, həm də dramaturq kimi fəaliyyət göstərib. Ə.Cavidin bir insan, vətəndaş və alim kimi formalaşmasında şübhəsiz ki, ulu Cavidin böyük rolu olub. Ona görə də Ə. Cavidin həyat və yaradıcılığının araşdırılmasına filosof şairimizlə bağlı tədqiqatların məntiqi davamı kimi baxmaq  lazımdır.

Qeyd etmək lazımdır ki, Hüseyn Cavid ölümündən sonra 1957-ci ildə bəraət almasına baxmayaraq ilk vaxtlar onun yaradıcılığı lazımı şəkildə tədqiq edilməyib. Belə ki onun haqqında ən sanballı elmi əsər akademik Məmməd Cəfər Cəfərov tərəfindən yazılıb və ancaq 1962-ci ildə nəşr edilib. Amma Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra xalqın milli ədəbiyyat və mədəniyyətinə dövlət qayğısı artdı, Cavidlər ailəsinə əsl bəraəti də bu möhtəşəm şəxsiyyət verdi. Onun nəşi uzaq Sibirdən Azərbaycana gətirildi.

 Xalq yazıçısı Anar da 1980-ci ildə Cavidlər ailəsinin bu istedadlı nümayəndəsi haqqında “Böyük sənətkarın sənətkar oğlu” adlı ilk qiymətli publisistik əsərini nəşr etdirdi. Onu da qeyd edək ki, həmin tarixədək sadəcə H.Cavid haqqında bəhs edilən əsərlərdə ötəri şəkildə Ə.Cavidin adı çəkilirdi.

Anar bu məqaləsində hələ 1970-ci illərdə görkəmli bəstəkarımız Üzeyir Hacıbəyli haqqında kinossenari üzərində işləyərkən arxiv materiallarında Ərtoğrol Cavidin adına rast gəlməsindən, onun Azərbaycan musiqi folklorunu toplayıb nota salmaq sahəsindəki böyük xidmətlərindən bəhs edirdi. Xalq yazıçısı Anar məqaləsində Ə.Cavidin nakam taleyindən, qısa ömür - cəmi 24 yaş yaşamasından, vərəm xəstəliyindən erkən həyatdan getməsindən ürək ağrısı ilə bəhs edir. O, məqaləsində Ərtoğrolun Konservatoriyada qrup yoldaşı olmuş görkəmli bəstəkar Fikrət Əmirovun xatirələrinə də yer verib. Anarın yazdığı kimi, “belə sənətkarların yaratdıqları əsərlər – ilk addımların bəhrəsi də olsa, miqdarı az da olsa, keyfiyyəti, yönü, səviyyəsi və yaşarı nəfəsiylə çox illəırdən sonra da diqqətimizi çəkməyə, bizə solmaz bədii zövq verməyə qadirdirlər”   (Anar. Dünya bir pəncərədir, B., Gənclik, 1982, s.331).

Anarın məqaləsindən sonra akademik Rəfael Hüseynov cavidşünaslığa böyük töhfə olan “Vaxtdan uca” kitabında (1987) “Cavidlər” bölməsində Ərtoğrol Caviddən daha geniş şəkildə, ilk növbədə isə Hüseyn Cavidin övladı, həm də istedadlı yaradıcı şəxsiyyət kimi bəhs edib.

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra ölkə rəhbəri Ulu öndər Hüseyn Cavid irsinin toplanıb öyrənilməsini geniş şərait diqqət və qayğını daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər 1993-cü ilin sentyabr ayında AMEA-da ziyalılarla görüşündə deyib: “Böyük filosof şairimiz, dramaturqumuz H.Cavid həbs olundu, uzun illər əsərləri qadağan olundu. Ancaq tarix hər şeyi öz yerinə qoydu. İndi H. Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır”. Ulu öndərin bu tövsiyələri elmi ictimaiyyət və aid təşkilatlar qarşısında yeni vəzifələr qoydu. Belə ki, az sonra akademiyanın bir qurumu kimi  Hüseyn Cavidin ev-muzeyi təşkil olundu. Bakı şəhərindəki Hüseyn Cavidin ev-muzeyi həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərməyə başladı, burada H.Cavid, həyatı və ailəsi, mühiti, müasirləri, davamçılarına aid xeyli əsərlər nəşr olundu. Eyni zamanda Hüseyn Cavid və onun ailə üzvləri ilə bağlı olan bütün sənəd və materiallar bu qurumda toplandı. Bu muzeyin bir əlamətdar işi də ondan ibarət oldu ki, burada Ərtoğrol Cavid irsi daha dərindən öyrənilməyə başlanıb, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçiliyi ilə 2011-2015-ci illər ərzində “Azərbaycan qeyri-mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cilddən ibarət kitab nəşr olunub. Burada şifahi xalq ədəbiyyatı və musiqi folkloru ilə əlaqədar toplanmış materiallar və yorulmaz tədqiqatçının şifahi xalq ədəbiyyatı nümunələri haqqında araşdırmaları, eyni zamanda musiqi folkloruna aid mətnlərinin nota aldığı yazılar öz əksini tapıb. Bu çoxcildliyin birinci cildində əsasən Azərbaycanın müxtəlif bölgələrinə aid toy və yas adətlərinə aid materiallar gənc tədqiqatçının, peşəkar mütəxəssisin ekspertizasından keçib, həqiqi dəyərini, elmi qiymətini alıb. Ə. Cavid bu materiallara çox məsuliyyətlə yanaşıb, onların məziyyətləri ilə yanaşı nöqsanlarını da nəzərə çatdıraraq arzu və təkliflərini də bildirməyi unutmayıb. Məsələn, Ə. Cavid yazır: “İlk səhifədə qeyd olunur ki, adətlər Tərəkəmə rayonuna aiddir, lakin Tərəkəmə rayonu yoxdur”.

Kitabın II cildinə Azərbaycan klassik musiqi mətnləri və onlara Cabbar Qaryağdıoğlu və Süleyman Mansurov tərəfindən yazılmış şərhlər və Ə. Cavidin hər mətnə ayrı-arılıqda yazdığı elmi təhlillər daxil edilib.

Çoxcildliyin III-VIII cildlərində Azərbaycanın müxtəlif bölgələrindən toplanmış dastanlar və həmin dastanlar haqqında Ə. Cavidin yazdığı rəylər yer alıb. G. Babaxanlının da göstərdiyi kimi, Ə. Cavidin 1939-40-cı illərdə qələmə aldığı bu rəylərə miniatür elmi məqalə kimi də baxmaq olar. Oradakı bir çox fikir və mülahizələr bu gün də folklorşünaslığımız üçün əhəmiyyətini qoruyub saxlamaqdadır .

Çoxcildliyin IX və X cildlərində aşıq ədəbiyyatının tanınmış nümayəndələri Molla Cuma, Miskinli Vəli, Aşıq Ələsgər və digərlərinin toplanmış əsərləri və tədqiqatçının aşıq yaradıcılığı haqqındakı araşdırmaları verilib. Kitabın XI və XII-XIII cildləri musiqi məsələlərini əhatə edir. Gənc və istedadlı alimin xalq muğamlarının toplanması və nota salınmasında böyük əməyi olub.

Sevindirici haldır ki, Xalq yazıçısı Anarın məqaləsindən sonra Ə. Cavid irsinə maraq daha da artdı. Belə ki, bir müddət sonra XX əsrin sonlarında tədqiqatçı Solmaz Həşimova Ərtoğrol Cavidin bədii irsinin tədqiqinə aid sanballı bir dissertasiya işi yazdı. Bu qiymətli tədqiqat işi “Ərtoğrol Cavid-şəxsiyyəti və irsi” adı ilə monoqrafiya şəklində “Elm” nəşriyyatında nəşr edilib (2002). Solmaz Həşimovanın bu monoqrafiyasında  Cavid yadigarı Ərtoğrolun şərəfli ömür yolu, ədəbi-elmi fəaliyyəti arxiv materialları əsasında ilk dəfə geniş şəkildə tədqiq olunub. Monoqrafiya giriş, üç fəsil və nəticədən ibarətdir. Tədqiqatçı Ə. Cavid yaradıcılığında ədəbi istiqaməti, bədii istiqaməti, folklorşünaslıq istiqamətini, rəssamlıq istiqamətini, musiqi istiqamətini müəyyən edir və onların formalaşma mühiti və zəminini geniş şəkildə şərh edir.

Məlumdur ki, görkəmli jurnalist, tədqiqatçı Azər Turanın cavidşünaslıqda böyük xidmətləri vardır. Azər Turan Ərtoğrol Cavid irsinin öyrənilməsinə də mühüm töhfələr verib. Belə ki, alim onun bütün irsini toplayıb ilk dəfə 500 səhifədən artıq kitab şəklində 2005-ci ildə Bakıda nəşr etdirib. Kitab tərtibçinin “Ərtoğrol bəy...” adlı ön sözü ilə başlayır. Bu səmimi ön sözdə Azər bəy Turan xanımın ona təqdim etdiyi məktublardan bəhs edir, böyük sənət fədaisinin çoxcəhətli yaradıcılığını şərh edir. Bu kitabda Ə.Cavidin bədii və musiqi yaradıcılığı, rəssamlıq sahəsindəki əl işləri geniş şəkildə təhlil edilir. Alimin doğru olaraq qeyd etdiyi kimi, Ərtoğrolun bədii yaradıcılığı yarımçıq əlyazma təsiri bağışlayır. Belə ki, bu kitabda onun “Eqoistin taleyi” , “Ciman” pyesləri ilə yanaşı, “Professorun ailəsi” kinossenarisi, “Xan qızı” operasının librettosu, fortepiano üçün “Serenada”, Matəm marşı” kimi natamam  qalmış əsərləri də yer alıb.

Maraqlıdır ki, o yazılarının  bir qismini o, TOƏC imzası ilə yazıb. Bu ixtisar isə “Türk oğlu Ərtoğrol Cavid” şəklində oxunur. Deməli, bütün məhrumiyyətlərə, məşəqqətlərə baxmayaraq, böyük sənət fədaisi zülmə boyun əyməyib, sınmayıb, milli varlığımıza qənim kəsilmiş quruluşun təzyiqlərindən, qara qüvvələrin donoslarından, hədə-qorxularından  qorxub çəkinmədən türk oğlu olmaqdan qürur duyub və bunu açıqca ifadə edib.

Naxçıvan Muxtar Respublikasında ədəbi-elmi fikrin inkişafına, ədəbi-elmi mühitin  öyrənilməsinə böyük diqqət və qayğı göstərilir. Belə ki, müstəqillik illərində şəhərin mərkəzi hissəsində Cavidlər ailəsinin şərəfinə Hüseyn Cavid məqbərəsi ucaldılıb. Muxtar respublika rəhbərinin 19 oktyabr 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavdin adı verilib, məktəbin maddi-texniki bazası yeni musiqi alətləri və digər tədris vasitələri ilə təchiz edilib.   Cavidlər ailəsinə qayğı və diqqətin bir nümunəsi də Ali Məclis Sədrinin 18 aprel 2019-ci il tarixdə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan yazıçı, müsiqişünas, rəssam, tədqiqatçı Ərtoğrol  Cavidin anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar imzaladığı Sərəncamdan ibarətdir. İnanırıq ki, bu Sərəncam  Ərtoğrul Cavid yaradıcılığının daha geniş şəkildə tədqiqinə təkan verəcək, Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi haqsız təqiblərə məruz qalmış, repressiyaya uğramış ulu Cavidin həyatı, mühiti və müasirlərinin tam şəkildə öyrənilməsi işində yeni səhifə açacaqdır.

 

Əbülfəz Quliyev

AMEA-nın müxbir üzvü

                                                          Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: