Beşyaşlı uşaqların təhsilə hazırlanması ilə bağlı tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının da iştirakı ilə  “Beşyaşlı uşaqların təhsilə hazırlanması işinin səmərəli təşkili yolları” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə həmçinin 2019-2020-ci tədris ilində beşyaşlılarda dərs deməsi nəzərdə tutulan bir qrup müəllim də iştirak edib.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun  prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə İnstitutun əməkdaşlığı və ixtisasartırma kursunun mahiyyəti haqqında danışıb.

Naxçıvan Müəllimlər İnstitutunun kurikulum kabinəsinin müdiri Ruhəngiz Əliyeva isə “Məktəbəqədər təhsilin kurikulumunda interaktivlik” mövzusunda məktəbəqədər təhsil proqramının (kurikulumun) xarakterik xüsusiyyətləri ilə bağlı geniş məlumat verib.

Elmi-praktik konfransda həmçinin Naxçıvan Müəllimlər İnstitutunun metodisti, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva “Beşyaşlı uşaqların fiziologiyası, psixologiyası və öyrənmə xüsusiyyətləri”, Naxçıvan şəhər 10 saylı orta məktəbin  müəllimi İradə Quliyeva “Məktəbəqədər təhsilin əhəmiyyəti” mövzusunda çıxışlar ediblər. Qeyd olunub ki, beşyaşlıların təlimi təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründə intelektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir.

Diqqətə çatdırılıb ki, beşyaşlıların məktəbə hazırlığı “Azərbaycan Respublikası məktəbəqədər təhsilin proqramı (kurikulumu) əsasında həyata keçirilir. Məktəbəqədər hazırlığın məqsəd və vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasından ibarətdir.

Sonda bu ilin mart ayında ixtisasartırma kursundan keçmiş 25 nəfər ibtidai sinif müəlliminə sertifikatlar təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: