Naxçıvan məhsulları paytaxt sakinlərini və qonaqları valeh edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhəri Dənizkənarı Bulvarda "Organik Food Festival"ı keçirilib. Paytaxt sakinləri və qonaqların marağına səbəb olan və üç gün davam edən festivalda Naxçıvan Muxtar Respublikasında yetişdirilən və istehsal olunan qida məhsulları da yer alıb. Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən Şəhərə" layihəsi çərçivəsində xüsusi stendlə öz təmiz və keyfiyyətli qida məhsullarını nümayiş etdirən "Naxçıvan Məhsulları" Festivala gələn qonaqların da diqqətini çəkməyi bacarıb.
Festivala xarici ölkələrdən qatılan qonaqlar Naxçıvandan gəlmiş təbii məhsulların məmnuniyyətlə dadına baxaraq, “Naxçıvan Məhsulları" stendinin qarşısında şəkillər çəkdiriblər.
Festivalda "Naxçıvan Məhsulları"nın təbii meyvə quruları, "Farma Şah" MMC-nin bitki çayları və keçibuynuzu bəhməzi, "Naxçıvan Duz istehsalı" MMC-nin müxtəlif növ duzları, "Fərda Şirniyyat"ın nanəli konfetləri, həmçinin Naxçıvanda ev təsərrüfatında hazırlanmış mürəbbələr, bal, tut doşabı və bu kimi müxtəlif qida məhsulları "Naxçıvan Məhsulları" stendində festival iştirakçılarına nümayiş etdirilib. Muxtar Respublikada istehsal olunan qida məhsullarının yüksək keyfiyyəti paytaxt sakinləri və qonaqların böyük marağına səbəb olub.