Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Nazirlikdə “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda təlim keçirilib. 3 saat davam edən təlimə müxtəlif təşkilatlarda fəaliyyət göstərən 21 nəfər maliyyə-mühasibat mütəxəssisi cəlb edilib.
Tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin aktuallığı və mahiyyəti barədə danışıb. Bildirib ki, əsas məqsəd muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsidir.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov bildirilib ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Əsas məzuniyyət, əlavə məzuniyyət, əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və orta əmək haqqının əmsallaşdırılması barədə ümumi tələblər diqqətə çatdırılıb.
Təlim təcrübi işlə davam edib. Sonda dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.