Rəssam öz əsərlərini muzeylərə hədiyyə edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimat mərasimi keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov müxtəlif illərdə portret janrında yaratdığı 5 rəsm əsərini muxtar respublikada fəaliyyət göstərən muzeylərə hədiyyə edir. Bunlar böyük yazıçımız Cəlil Məmmədquluzadənin, görkəmli rəssamımız Bəhruz Kəngərlinin, Xalq şairi Xəlil Rza Ulutürkün, şəhid Qabil Orucəliyevin və Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənovun portretləridir.
Nazir rəssamın həyat və yaradıcılığı haqqında da tədbir iştirakçılarına məlumat verib.
Natəvan Qədimova çıxışının sonunda bütün mədəniyyət və incəsənət sahəsində çalışan insanlar adından bu sahəyə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov bildirib ki, Cəlil Məmmədquluzadənin portretinin onun ev muzeyində, Bəhruz Kəngərlinin portretinin onun adını daşıyan muzeydə, şəhid Qabil Orucəliyevin və Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənovun portretlərinin Xatirə Muzeyində, Xəlil Rza Ulutürkün portretinin isə Ədəbiyyat Muzeyində nümayiş etdirilməsi onun üçün iftixar hissi yaradacaq. Rəssam bundan sonra da muzeylərlə əlaqəsinin davam etdirəcəyini bildirib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.
Əli Rzayev