Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Nazirlik Babək Rayon İcra Hakimiyyəti ilə “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda maarifləndirici seminar keçirib.
Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov bildirib ki, qeydiyyat şöbəsi və icra hakimiyyəti nümayəndəliyində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq həyata keçirilir. Qeydiyyat şöbələri öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İcra hakimiyyətinin nümayəndələri isə səlahiyyətləri çərçivəsində doğumun, nikahın bağlanmasının, ölümün qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verirlər.
O da vurğulanıb ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödəndikdən sonra qeydiyyat şöbəsinin rəisi və əməliyyatları icra edən inzibati ərazi dairəsi üzrə nümayəndə müvafiq əməliyyatı rəsmiləşdirməli və notariat hərəkətlərinin aparılması zamanı qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. Əməliyyatlar aparılarkən qaralama, pozuntu hallarına yol verilməməli, müraciət etmiş şəxslərin şəxsiyyəti müəyyən edilməli və rəsmiləşdirmə zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir. Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinin operativliyinin təmin edilməsi üçün inzibati ərazi dairələri tərəfindən doğum, ölüm və nikah haqqında statistik məlumatlar vaxtında qeydiyyat şöbələrinə təqdim olunmalıdır.
Seminarda Nazirliyin Qeydiyyat və notariat şöbəsinin əməkdaşları və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.