Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün iyunun 27-də elan edilən müsabiqənin test imtahanı keçirilib.
İmtahan başlamazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, ümumillikdə 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. Müsabiqədə iştirak etmək üçün sənəd təqdim edən 14 namizəddən 11-i test imtahanında iştirak edib, onlardan 7 nəfəri müvafiq keçid balını (50 bal) toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.
İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilib. İmtahanda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının əməkdaşları müşahidəçi kimi iştirak edib.
İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.