Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Universitetin rektoru Saleh Məhərrəmov məzunları təbrik edib. Fakültənin dekanı Elsevər Əsədov isə qeyd edib ki, məzun günü Tibb fakültəsinin yaranmasının 20-ci ildönümü ərəfəsində keçirir. Bu il Tibb fakültəsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binası istifadəyə verilib. Bildirilib ki, 474 tələbənin təhsil aldığı fakültədən bu il Müalicə işi ixtisası üzrə 33, Stomatologiya ixtisası üzrə 22, Əczaçılıq ixtisası üzrə 19 nəfəri məzun olur. Bunlardan 21 nəfəri əcnəbi tələbələrdir. Ümumilikdə fakültədə 122 nəfəri xarici ölkə vətəndaşı təhsil alır.
Məzun günündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva və Azərbaycan Tibb Universiteti I Uşaq xəstəlikləri kafedrasının müdiri Adilə Namazova gələcəyin həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndiriblər, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıblar.
Tələbələrin ürək sözləri dinlənildikdən sonra tibb məzunlarının 6 illik tələbə həyatına həsr olunan videoslayd nümayiş olunub.
Sonra fakültənin məzunları həkim andının qəbulu mərasimində iştirak ediblər.
Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib. Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.
.
Səadət Əliyeva