İnstitutun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Müəllimlər İnstitutunda “X-XI siniflərdə riyaziyyat kurikulumlarının məqsəd və vəzifələri“ mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda tam orta təhsil pilləsinin X-XI siniflərində riyaziyyat fənnini tədris edən bir qrup müəllim, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndələri və Naxçıvan Müəllimlər İnstitutunun professor–müəllim heyəti iştirak edib.
Konfransda institutun prorektoru Azad Novruzov Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə İnstitutun əməkdaşlığından danışıb.
İnstitutun Riyaziyyat və tədrisi metodikası kafedrasının dosenti Abdulla Həsənov “X-XI sinif riyaziyyat fənninin tədrisinə dair” və həmin kafedranın müəllimi Vüqar Həmizəyev “X-XI sinif riyaziyyat fənninin tədrisində İKT-dən istifadə” mövzularında çıxışlar ediblər. Kafedranın professoru Yaqub Məmmədov Riyaziyyat kurikulumları və orta umumtəhsil məktəblərində onun tətbiqi yolları ilə bağlı öz tövsiyələrini verib.
Elmi-praktik konfransda həmçinin orta umumtəhsil məktəblərində riyaziyyat fənnini tədris edən bir neçə müəllim “Müasir kurikulumlar və onların tədris prosesində əhəmiyyəti və qarşıya çıxan problemlər” ətrafında fikir mübadiləsi aparıblar.