NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrında “Keçmişdən bu günə Naxçıvan yallıları” yallı müsabiqəsinin yekun konserti olub.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur.
Tədbirdə Şərur rayonunun Yuxarı Aralıq Kənd Mədəniyyət Evinin “Bahar” yallı kollektivi I, Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Tejgar” yallı kollektivi II, Naxçıvan Tibb Kollecinin “Birlik” yallı kollektivi III yerə layiq görülüblər. Qaliblərə diplomlar təqdim edilib, müsabiqədə fərqlənən 3 kollektiv isə nazirliyin fəxri fərmanları ilə təltif ediliblər.
Tədbirin bədii hissəsində müsabiqədə fəal iştirak edən yallı kollektivləri “Tirməşal”, “Köçəri”, “Üç ayaq”, “Tənzərə”, “Höynəri”, “Gopu” yallılarını ifa ediblər.
Əli Rzayev