“Danışan” şəhər… - (Esse)

A- A A+

Haqqında danışacağım şəhər bizə çox yaxındır, yaşadığımız, hər gün sübhü onunla açdığımız, Günəşi qüruba birgə yola saldığımız, müqəddəs torpağımıza təmas edən sinəsindən şırımlanan yollarla, küçələrlə, parklarla addımladığımız şəhərdir. Bizi evdən işə, işdən evə,  yeni-yeni sabahlara, gələcəyə aparan, uşaqlığımızın, gəncliyimizin şahidi, yaşlılığımızın həmdəmi, xatirələrimiz, düşüncələrimiz, bir də ki qürurumuzun ünvanıdır bu şəhər.  Sizə haqqında danışacaqlarımı özü mənə danışan bu şəhər Naxçıvan şəhəridir. Bəs o necə danışır? Bu barədə fikirlərimi sizinlə bölüşüm, siz də dinləyin.  Bəlkə də, mənim bu şəhərə məhəbbətimin sonsuzluğundandır ki, hər yerdə onunla dialoqa girir, söhbətini dinləyirəm.  Həm də sanki bu söhbətlərdə bir musiqi ritmi var, o,   həzin bir melodiyaya çevrilib axır qulaqlarıma. Belə qənaətə gəlirəm ki, bu şəhər bir musiqi əsəridir. Sözləri də, bəstəsi də özünə aid bu musiqi əsərinin adı isə “Şəhər özündən danışır”dır.  

…O danışır, mən dinləyirəm. Tarixindən – dünənindən, bu günündən danışır. Diqqət edin, siz də görəcəksiniz bu şəhərin danışdığını, siz də dinləyəcəksiniz onun söhbətlərini. Çıxın bu şəhərə səhər-səhər, axşam-axşam. Tamaşa edin onun hüsnünə. Danışacaq bu şəhər özündən. Gecələrinin ulduz tək sayrışan işıqlarının büllur dənizə bənzər sularında Nuhun gəmisinə əyləşin, “Dünya tufanını” dinləyin bu şəhərdən, o sizə minilliklərdən söhbət açacaq. Nuhun gəmisi ilə yaşıd olduğundan, Gəmiqayanın sirrindən, İslam mədəniyyətinin beşiyini yürgələməsindən, Manna, Midiya, Atropatena, Əhəmənilər, Ərəb xilafəti, Xürrəmilər hərəkatı, Salarilər, Rəvvadilər, Səlcuqlara şahidliyindən, 40 ilədək Atabəylər dövlətinin paytaxtı olmasından danışacaq. XIII əsr monqol işğalından, Hülakülər, Elxanilər dövründən, XIV əsrin Qızıl Ordasının Toxtamışından, Əmir Teymurun 14 illik Əlincə “sevdasından”, Naxçıvanda intişar tapmış Hürufilik təriqətindən, bu təriqətin yaradıcısı Fəzlullah Nəiminin Əmir Teymurun oğlu Miranşah tərəfindən edamına şahidliyindən söz açacaq. Dinlədikcə onun söhbətlərini, nənələrimizin soyuq qış gecələrində isti soba başında danışdıqları doyumsuz nağılların qəhrəmanlarını tapacaqsınız bu şəhərdə. Müharibələr, işğallar, mübarizələr, müdafiələr, qəhrəmanlıqlar əsr-əsr bu şəhərin tarixini, bu gözəl coğrafi mövqeyə həsədi, onu əldə etmək istəklərini qoyur ortaya. Səfəvilər dövlətinin onu fəth etdiyini, XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri ucbatından əldən-ələ keçən, dəfələrlə qarət olunaraq dağıdılmasını “xatırlayır” bu şəhər. Naxçıvan xanlığı dövründən, bu xanlığın paytaxtı olmasından, Kəngərlilərdən bəhs edir, Türkmənçay, Qars, Moskva müqavilələrinə paytaxt kimi münasibətini bildirir. Erməni daşnaklarının başına gətirdikləri oyunları hər daşına, qayasına hopan faktlarla səsləndirir, Araz-Türk Respublikasının, Naxçıvanın muxtariyyətinin yaradılmasının səbəblərini açıqlayır şəhər. Bu söhbətlərdə bəzən çarəsizlikləri, bəzən haqsızlıqları, bəzən də mübarizliyi, əyilməzliyi duyuram.

Danışır, paytaxt şəhər saatlarla olanlara-­keçənlərə şahidliyindən danışır. Bədxah qonşumuz Ermənistandan, onların torpaq iddialarının heç bitmədiyindən, əsrlərlə davam etməsindən, şəhidlərindən, oğul həsrətli ata-analardan, ata həsrətli övladlardan söz açır. 70 il sovet imperiyasının buxovlarında əzilən şəhərlərdən biri kimi danışır. Söhbət gəlib çıxır Naxçıvanın ermənilər tərəfindən blokadaya salındığı 1990-cı illərə. Blokadanın ilk illərində insanların üzləşdiyi çətinliklərə, məşəqqətlərə. Məxsus olduğu Azərbaycanının müstəqilliyi uğrunda bu şəhərdəki mübarizələrdən, bu şəhərin rolundan, mövqeyindən, ulu öndərimiz Heydər Əliyevin Yaradanın bu torpağa bəxşişi, bu şəhərin övladının millətinin, dövlətinin xilaskarı olduğundan danışır. 

Çıxın bu şəhərə, dinləyin onun söhbətini. Muxtariyyətinin 95-ci, müstəqilliyinin 28-ci, blokadalı həyatının 29-cu və blokadalı-inkişaflı, tərəqqili dövrünün 24-cü ilini yaşayan bu şəhəri dinləyin. Addımlayın səkilərlə, küçələrlə, bu qədim şəhərin müasir görkəmi görün sizə nələrdən söz açacaq. Hər addımdakı muzeylərə girin – Heydər Əliyev ­Muzeyinə, Dövlət Bayrağı, Tarix, Ədəbiyyat, Xatirə muzeylərinə, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəmşid Naxçıvanskinin ev-­muzeylərinə, Bəhruz Kəngərli, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Xalça muzeylərinə, Açıq Səma Altında Muzeyə. Qonşu dövlətlərdə yalnız dollar və avro ilə daxil oluna bilən, burada isə ziyarəti təmənnasız, heç bir vəsait tələb olunmayan muzeylərə baxın, bu şəhər şəxsiyyətləri haqqında söyləyəcək, tarixinin, ədəbiyyatının, mədəniyyətinin daşlaşmış səhifələrini vərəqləyəcək, sizə özündən danışacaq. Çıxın şəhərə, gəzin bu şəhərin qədim məhəllələrini – Ağabəylilər, Atabəylər, Anbar, Cığıllı, Cığatay, Çaparxanlı, Dabbaqxana, Dizə, Əlixan, Xıncov, Xoylu, Kəngərli, Qala, Qaraağac, Qurdlar, Şahab, Sallaqxana, Sarvanları. Hər biri bu qədim şəhərin bir tarixi guşəsi, bir sənətkarlıq ocağı, özünəməxsus adət-ənənəsi olan bir yeridir. Naxçıvanın zəngin milli mətbəxinin dünənki yaradıcılarından, bugünkü qoruyucularındandır. 

Gündüzləri bir tamaşa, gecələri min bir tamaşa olan bu şəhəri gəzin. Qədimliklə müasirliyin çiyin­-çiyinə mənzərəsini seyr edin. Səsi əsrlərdən gələn Möminə xatın məqbərəsinin ətrafındakı Heydər Əliyev Sarayının möhtəşəm görüntüsünə tamaşa edin. Qarşıdan hər gün yüzlərlə gəncin tarixin bu bənzərsiz bəxşişini seyr etdiyi Müəllimlər İnstitutunun müasir dizaynlı binasına baxın. Ətrafdakı ictimai yaşayış binalarından məqbərəni seyr edin, müasir aləmdən qədim dünyaya səyahətə çıxın. Bu şəhər hər addımda tarixindən söhbət açır. Xan sarayına tərəf gedin, Naxçıvan xanlarının iqamətgahında xanlar sülalələri – Kəngərlilərlə, Naxçıvanskilərlə tanış olun. Bu heykəllər şəhərində dədəmiz Qorqudun qopuzunu sinəsinə sıxıb söylədiyi nəsihətlərini, Koroğlunun Misri qılıncını siyirib verdiyi qəhrəmanlıq dərslərini, Babəkin azadlıqdan gözəl başqa heç bir şeyin olmadığı barədə mübariz söhbətlərini dinləyin. Bu şəhərin xalqımızın tarixinə münasibətinin şahidi olun. İslam mədəniyyətinin beşiyinin qədim İmamzadə, məscid və pirlər barədə söhbətini eşidin, islami dəyərlərə verdiyi qiyməti öyrənin. 

Bu şəhər ərlər, ərənlər oylağı olan Naxçıvanqaladan zaman-zaman söhbət açdıqca bu gün burada milli dəyərlərimiz, adət-ənənələrimiz, əkinçilik mədəniyyəti ilə bağlı keçirilən festivallar, cəngi üstündə köklənmiş gənclərimizin fləşmobları keçmişlə müasir dövr arasında möhtəşəm bir körpü salır. Bu körpü gənclərimizi əcdadlarımıza qonaq aparır. Gənclər onların söhbətini dinləyib nəsihətlərinə qulaq asdıqca bu diyarın layiqli övladlarına çevrilirlər. 

Gənclikdən söhbət düşmüşkən bu şəhər universitetlərində, kolleclərində yetişdirdiyi sabahın qurucularından, hətta xarici ölkələrdən bu elm ocaqlarında təhsil almağa gələn gənclərdən bəhs edir. Onların asudə vaxtlarını, istirahətlərini qoynundakı zəngin fondlu kitabxanaları, kinoteatr, kafe, park, xiyabanları, “Əyləncə adası”, istirahət mərkəzləri ilə təşkil etməklə yenə də özündən söhbət açır. Köksünə sığdırdığı “Qızlar bulağı”ndan – gənclərin əhdi-peyman ocağından, isti yayın sərin guşəsi “Bazar gölü”ndən – var olanlardan, yaradılanlardan danışır. Gənclər ilə bərabər, yaşlı insanlara da qayğı bəsləyir bu şəhər. Onlara güllərin­-çiçəklərin, yaşıllıqların ağuşuna aldığı park və xiyabanlarda nəvə-nəticələri ilə gözəl istirahətli xoş saatlar yaşadır. Təqaüdçülər evinin qapılarını insanların üzünə açıb buranı yaşlıların görüşmək, söhbətləşmək, paylaşmaq ünvanına çevirib.

Bu şəhər “Ana dili” abidəsidir, qoruyur dilimizin saflığını. Başqa şəhərlərdə əksər insanların oxuya bilmədikləri, mənasını belə, anlamadıqları kafe, restoran, ticarət mərkəzlərinin adları bu şəhərə yaddır. Tariximizi, mədəniyyətimizi öz adı ilə yaşadan “Gəlinqaya”, “Araz”, “Dərələyəz”, “İpək yolu”, “Reyhan”, “Büllur”, “Təbriz” gənc ailələrin qurulduğu, qonaqlarımızı ağırladığımız ünvanlardır. “Zümrüd”, “Dəyirmançı”, “Qədim dünya”, “Görüş yeri” dost-tanışlarımızı alınaçıqlığı ilə qonaq etdiyimiz kafelər, “Cahan”, “Danyeri”, “Naxçıvan”, “Reyhan”, “Çəmən” alış-veriş mərkəzləri və marketləri insanlara yüksək səviyyədə göstərilən xidmətlərin ünvanıdır. 

Bəli, bu şəhər sakinləri kimi qonaqlarına, turistlərinə də bələdçi olmadan özündən söhbət aça, danışa bilir. Enin təyyarədən, hava limanının möhtəşəm binasından üz tutun bu şəhərə. Bu çiçəklər şəhərində sizi güllər qarşılayıb, qayıdarkən də güllər yola salacaq. O güllər illərdir, zəhmətin göz yaşları – alın təri ilə suvarılıb, belə gözoxşayan olub. Bu yolda Naxçıvanımızın əzəmət simvolu olan Haçadağın modeli sizə “Xoş gəlmisiniz”, – deyəcək. Dağ qürur, müqəddəslik, tarix, yaddaş deməkdir. Bunlardan danışan həmin model bu torpaq haqqında ilk təəssürat üçün yetərlidir. Bakı şəhərindən avtobuslarla buraya üz tutub avtovağzala daxil olarkən blokada ilə inkişafın bir araya necə sığdırıldığını məhz bu şəhər sizə danışacaq. Şərqin qapısı, Avropanın ən gözəl şəhərlərinə bənzəyən bu şəhərdə istirahət-əyləncə, alış-veriş mərkəzləri, tarixi yerlər, müqəddəs ocaqlar, milli mətbəx-ləziz təamlar hər bir zövqü oxşadıqca oxşayır. Yenicə istifadəyə verilən “Saat Meydanı” turistik istirahət mərkəzində yaradılanlarla isə bu şəhərin qonaqları özlərini məmləkətlərindəki kimi hiss edirlər. Çünki burada bir neçə ölkənin mədəniyyəti, mətbəxi öz əksini tapır.

Bir sözlə, bu şəhər sakinlərinin məftunu olduğu kimi, onu görənlərin, qoynuna sığınanların da xoş təəssüratlarının şəhəridir. İstirahət, gəzmək üçün hər il seçim edilən şəhərdir. Heç kəsin hər yerdə rast gəlmədiyi, min illərlə yaşı olan, keçmişinə sadiq, bugünkü blokada şəraitində var olan, yaşayan, gündən-günə gözəlləşən, bir də ki bütün bunları özü danışan şəhərdir…

 Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: