Uşaqlar “Yay məktəbi”ni Ağbulaqda keçirir

A- A A+

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqı Şurasının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan uşaqların “Yay məktəbi” təşkil olunub.

Bu gündən start verilən “Yay məktəbi”nə aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid ailələrinin uşaqları, hər iki valideynini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar olmaqla ümumilikdə 45 uşaq  iştirak edir.

“Yay məktəbi”ndə Ağbulaq kəndi ərazisində ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, esse yazı və digər müsabiqələr, intellektual yarışlar, diskussiya və seminarlar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi keçiriləcək, Azərbaycan filmləri nümayiş olunacaq,  M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tərəfindən səhnəciklər göstəriləcək və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edəcəklər. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqların mükafatlandırılması da nəzərdə tutulub.

“Yay məktəbi” nə cəlb olunan uşaqlara nəzarət etmək üçün 4 nəfər Komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədi ilə bir nəfər həkim təhkim olunub.

Qeyd edək ki, “Yay məktəbi” iyunun 28-dən iyulun1-dək davam edəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: