Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hazırda komitə tərəfindən fəaliyyət istiqamətləri üzrə 23 adda elektron xidmət göstərilir. Xidmətlərin “Elektron Hökumət” portalı (e-hokumet.nmr.az) və komitənin internet saytı (www.emlak.nakhchivan.az) üzərindən təqdim olunması, göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi təmin edilib. Hər bir elektron xidmət üzrə inzibati prosedurlar, onların hüquqi əsası, xidmətin məzmunu ilə bağlı inzibati reqlamentlər və tələb olunan sənədlərin siyahısı portala əlavə olunub. Elektron xidmətin növü, icra müddəti, xidmətin həyata keçirilməsi üçün tələb olunan ödənişlər barədə ətraflı məlumatlar yerləşdirilib.
Komitə tərəfindən göstərilən elektron xidmətlərin əksər hissəsi daşınmaz əmlaka dair əməliyyatların aparılması ilə bağlıdır. Cari ilin ötən dövrü ərzində elektron xidmətlərdən 400-ə yaxın müraciət daxil olub və icrası təmin edilib. Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların, mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi, ünvanların və ünvanla bağlı müxtəlif məlumatların verilməsi, daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı, dövlət qeydiyyatının ləğvi, daşınmaz əmlaka dair texniki sənədlərin tərtib edilməsi vətəndaşların daha çox müraciət etdiyi xidmətlər sırasındadır. Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi, yerquruluşu işlərinin aparılması və torpaq kadastr məlumatlarının hazırlanması, geodeziya işlərinin həyata keçirilməsi, müxtəlif xəritə və atlasların tərtibatı ilə bağlı xidmətlər isə torpaq məsələləri sahəsində lazımi əməliyyatların qısa müddət ərzində və rahatlıqla yerinə yetirilməsi üçün geniş imkanlar yaradıb.
Hazırda Komitənin fəaliyyət istiqamətləri üzrə göstərilən digər xidmətlərin elektron formata keçidinin təmin edilməsi və bu sahədə funksionallığın artırılması sahəsində davamlı işlər görülür. Məqsəd innovativ addımlarla vətəndaş məmnunluğunu təmin etməkdir.