Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.
Ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına hələ ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən başlanılıb. Ulu öndər gənclərin himayədarları kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verən ulu öndər Heydər Əliyev nitqlərinin birində bu barədə belə demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik.”
Gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağa, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Gənclər ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, vətənin inkişafı naminə çalışmalıdırlar.
Gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Gənclər bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına axınla, korkoranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlara vətən sevgisi aşılamaq üçün ilk növbədə valideynlər o ruhda olmalıdırlar.
Vətənpərvərlik ruhu ailə ilə yanaşı uşaq bağçalarından da başlamalıdır. Böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Müasir gənclərin vətənpərvər ruhda yetişməsi üçün orta məktəblər də əsas rol oynayır. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı didaktik əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.” Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perespektiv işlərində iştirak edən, insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.
Son dövrlər cəbhədə Azərbaycan Ordusunun uğurları millət olaraq nəyə qadir olduğumuzu bir daha sübüt edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərdi. Çünki vətənpərlik emosiya və hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi hər bir dövlət və cəmiyyət üçün vacib məsələdir. Vətənpərvərlik ruhunun tərbiyəsindən asılı olaraq bu hiss insanı birləşdirə də bilər, ayıra da. O, cəmiyyəti, xalqın mənəviyyatını inkişaf etdirə bilər, eyni zamanda mədəniyyəti qapalı, anklav vəziyyətə də sala bilər. Amma torpaqlarımızın hələ də işğal altında qalması bu istiqamətdə tədbirlərin ardıcıl görülməsini vacib edir. Nəinki yeniyetmə və gənclərin, hətta uşaq bağçasında və orta məktəblərdə təhsil alanların da vətənpərvərlik ruhunda tərbiyəsi zəruridir. Çünki yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər dövlətini gücləndirə bilər. Buna görə də gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır. Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklara, mənsub olduğu dini dəyərlə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Buna görə də biz şanlı tariximizdə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.
Vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir.
Bu gün muxtar respublkamızdakı orta və ali məktəblər bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları vətəninin hər daşını, hər qarış torpağını tanıtmaq ruhunda tərbiyə etmək məqsədilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı olaraq yeniyetmə və gənclərlə keçirilən tədbirlərdə qüdrətli Azərbaycan ordusunun son dövrlər qazandığı zəfərlər, ideya-psixoloji üstünlüyün qazanılması və işğalçılıya qarşı mübarizə, torpaqlarımızın azad olunması naminə birlik hisslərin vacibliyi barədə məlumat veririk. Bu görüşlərdə müharibə iştirakçısı olmuş və xüsusi xidmətlər göstərmiş təşkilat üzvlərimizin iştirakı da gənclərdə vətənpərvərlik hisslərinin formalaşması baxımından əhəmiyyətli təsir göstərir. Bütün bunların nəticəsi olaraq qürür hissi ilə deyirik ki, bu gün ölkəmizdə vətəni sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. Bu isə öz növbəsində, gəncliyə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı sayəsində mümkün olub. Gənclər vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət qurculuğunda fəal iştirak edirlər. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycan gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı da hər an azad etməyə hazırdır. Buna görə də xalqımız əmindir ki, yaxın vaxtlarda işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq.
Mirməcid Seyidov
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri