Son illər muxtar respublikanın kəndlərində inşa olunan mərasim evləri ölkə səviyyəsində nümunə hesab olunur və bu iş artıq bir ənənə halını alıb. Ötən il Babək rayonunun Vayxır, Babək qəsəbəsi, bu il isə Sirab kəndində müasir layihə əsasında qurulan mərasim evi əhalinin istifadəsinə verilib. Ucqar dağ və sərhəd kəndi olan Yuxarı Buzqov kəndində də yeni mərasim evi inşa olunur. Yeni tikili 100 nəfər üçün nəzərdə tutulub və hazırda işlər davam etdirilir. Burada geniş salondan başqa mətbəx də fəaliyyət göstərəcək.
Mərasim evlərinin tikilməsi bir tərəfdən yas mərasimlərinin rahat və bir qayda olaraq dinimizin tələblərinə uyğun təşkil olunmasına şərait yaradırsa, digər tərəfdən əhali arasındakı birlik və bərabərlikdən xəbər verir. Çünki mərasim evlərinin tikintisində dövlət və sahibkarlarla yanaşı, yerli əhalinin də rolu danılmazdır.
Hacı Hacıyev
“Şərqin səhəri” qəzeti