Culfa rayonunda diqqət göstərilən gəlirli sahələrdən biri də ikinci çörək sayılan kartofdur. Bu il də təsərrüfat adamları kartof əkinini diqqətdə saxlayıb, məhsul bolluğu yaradılması üçün bütün imkanlardan istifadə ediblər. Kəndlərimizdə həyətyanı sahələrlə yanaşı, pay torpaqlarında da kartof əkini həyata keçirilib.
Dizə, Yaycı, Gülüstan, Göydərə, Bənəniyar, Əlincə, Saltaq, Milax, Qazançı və digər kəndlərdə pay torpaqlarında kartof əkini aparılıb.
Keçən təsərrüfat ilində torpaqdan bol məhsul əldə edən dizəlilər bu il də kartof əkininə üstünlük veriblər. Təsərrüfat adamı Abbas Tağıyev 2,3 hektar sahədə kartof əkini aparıb və sahəyə aqrotexniki qaydada qulluq göstərərək bol məhsul yetişdirib.
Ümumiyyətlə Dizədə kartof əkininə maraq xeyli artıb. Çünki təsərrüfat adamlarını ruhlandıran onlara göstərilən dövlət dəstəyidir. Bu gün kəndin təsərrüfat adamları həm texnika və su sarıdan, həm toxumla təminat və aqrotexniki becərmənin təbliği baxımından, həm də məhsulun realizə edilməsi ilə tam təmin olunublar. Ona görə də çəkilən zəhmət hədər getməyib. Bu bitkinin becərilməsində artıq kənddə yetərincə təcrübə qazanılıb. Dizədə bir neçə gündür ki, faraş kartof yığımına başlanılıb. Alıcılar yerli məhsullara daha çox üstünlük verirlər. Öz tamı və keyfiyyəti ilə zövq oxşayan məhsulun satış qiyməti də münasibdir.
“Arazın səsi” qəzeti