Zeynəddin brendi – çiyələk - FOTOLAR

A- A A+

İsti yay günlərində süfrələrimizi bəzəyən ən dadlı giləmeyvələrdən biri də çiyələkdir. Müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan çiyələyə muxtar respublikamızın bazarlarında tələbat çoxdur. Dadlı-tamlı çiyələk deyəndə isə ağıla ilk növbədə Zeynəddin çiyələyi gəlir. Adı ilə məşhur olan bu giləmeyvəni Babək rayonunun Zeynəddin kəndində demək olar ki, hər kəsin həyətində görmək olar. Kənd sakinləri həyətyanı sahələrində bu bitkinin becərilməsinə xüsusi əhəmiyyət verirlər. Çiyələyin yetişdirilməsi, qulluq qaydası və faydaları ilə bağlı Zeynəddin kənd sakini Qurban Məmmədovla həmsöhbət olduq.  Uzun illərdir həyətində çiyələk becərən Qurban kişi deyir ki, sözün açığı, bilmirəm torpağın mineral tərkibindəndir, ya içdiyi sudan, amma Zeynəddinin bağlarında bitən  meyvələrin dadı başqadır. Bal kimi şirin üzümü, ətirli şaftalısı, badamı, hamının çox  sevdiyi çiyələyi, sulu göycəsi, yarpağı mövsümdə Naxçıvan bazarlarında piştaxtaların yaraşığı, süfrələrin bəzəyidir. Təbii ki, yetişən bu bar-bəhər bu torpaqda çalışan insanların torpağa tökdükləri tərin və qabarlı əllərin məhsuludur. Sadalanan nemətlər arasında çiyələk xüsusilə seçilir. Kəndimizdə demək olar ki, hamının həyətində çiyələk ləklərinə rast gəlmək olar. Həm ailəmizin istifadəsi üçün, həm də bazara çıxarılması üçün bu giləmeyvənin əkinlərinə geniş yer verilir. İndi bazar-dükanlarda Zeynəddin çiyələyinin bir kiloqramı 2-3 manata alıcılara təklif olunur.

Çiyələyin yaxşı məhsul verməsi üçün isə ona xüsusi diqqət göstərmək lazımdır. Çiyələk çoxyönlü bitkidir, onun günəş işığına, münbit və yaxşı suvarıla bilən torpağa ehtiyacı var. Odur ki, əkin zamanı bunları nəzərə almaq lazımdır. Əvvəllər kartof, pomidor kimi bitkilər əkilən torpağa çiyələk əkilməsi məsləhət deyil. Çiyələk torpağa cərgə şəklində əkilməlidir. Çiyələyin suvarılmasına da xüsusi fikir verilməlidir. Hava şəraitindən asılı olaraq  kolları vaxtaşırı su ilə təmin etmək lazımdır. Məhsuldarlığı artırmaq üçün payızın əvvəlində hər kvadratmetrə 50 qram miqdarında gübrə vermək olar. Alaq otlarından, qurumuş, xəstəlik tutmuş yarpaqlarından təmizlədikdə məhsuldarlıq da yüksək olur. Məhsuldarlığa təsir göstərən xəstəliklərdən, həşəratlardan qorumaq üçün bir sıra qaydaları bilmək yararlıdır. Belə ki, kiflənmə, quşlar, həşəratlar (xüsusilə qırmızı hörümçək) çiyələyə ən çox zərər verənlərdəndir. Günəş işığı lazımlı olsa da çiyələk nisbətən sərin yerlərdə əkilməli, torpağı nəm saxlanmalıdır. Belə olan  halda yarpaqlarda kiflənmə olmayacaq.

Çiyələyin bir çox faydalı xüsusiyyətləri də var. Qida rasionumuzda çiyələkdən vaxtaşırı istifadə olunması xolesterolu aşağı salır, damar tutulmasının qarşısını alır, həzm sistemini nizamlayır. Qanı təmizləməklə yanaşı, diş ətini gücləndirir. Çiyələk immuniteti və yaddaşı da gücləndirir, dəriyə gözəllik verir.

Havaların olduqca əlverişli keçməsi, yağıntının normaya uyğun düşməsi də torpağa bağlı insanların üzünü güldürür. Bu da imkan verir ki, bərəkətli Naxçıvan torpağında yetişdirilən və süfrələrimizin bəzəyi olan çiyələk əkinlərindən bol məhsul götürülsün.     

Lalə Allahverdiyeva

                                                                       “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: