Arıçılıq gəlirli sahədir

A- A A+

Təsərrüfatın qədim sahələrindən olan arıçılıq maraqlı, xeyirli və gəlirlidir. Son illər ölkəmizdə bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da arıçılıq təsərrüfatları genişləndirilir, arı ailələrinin sayı artırılır. Muxtar dövlətimizin paytaxtı Naxçıvan şəhərində "Arıçılıq məhsulları-bal" festivallarının keçirilməsi, arıçılıqla məşğul olan təsərrüfat adamlarına dövlət dəstəyinin göstərilməsi, hər arı ailəsi üçün pul və dərman preparatlarının verilməsi arıçılığa marağı xeyli artırıb. Bunun nəticəsidir ki, Culfa rayonunda   617 sahibkar arıçılıqla məşğul olur və arı ailələrinin sayı 13 897-yə çatıb.

Onu da qeyd edək ki, respublikamızda ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə  1970-1980-ci illərdə ixtisaslaşdırılmış arıçılıq təsərrüfatları təşkil edilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu işlə fərdi təsərrüfatçılar, fermerlər, şəxsi adamlar məşğul olmağa başlayıblar. Yüksək dərəcədə müalicəvi əhəmiyyətə malik olan bal lap qədim dövrlərdən insanların istifadə etdiyi qiymətli qida məhsuludur. Qədim yunan filosofu Sokrat bala yüksək qiymət verərək onu "Uzunömürlülük cövhəri" adlandırıb, insanların baldan geniş şəkildə istifadə  etməsini tövsiyə edib. El ağsaqqallarının söylədiklərinə görə, yayda bal yeyən qışda üşüməz. Xalq təbabətində baldan həm də dərman preparatı kimi istifadə olunub, qədim dövrlərdən müxtəlif xəstəliklərin müalicəsində ondan geniş şəkildə istifadə edilib.

Rayonumuzun demək olar ki, bütün kənd­lərində, hətta rayon mərkəzində arıçılıqla məşğul olan təsərrüfat adamları çoxdur. Yaycı, Şurud, Teyvaz, Dizə, Xanəgah, Boyəhməd, Ərəfsə, Milax, Xoşkeşin, Əlincə, Camaldın və s. kəndlərimizdə ailə təsərrüfatlarında arı ailələrinin sayı ilbəil artırılır. Füsunkar təbiəti, rəngarəng florası olan Darıdağın, Haça dağın, Göydağın ətəklərində, Yarpaqlıda, Xəzinədərədə, Gəvik meşələrində ilin müxtəlif fəsillərində saxlanan arı ailələrinin balı daha keyfiyyətli və ətirli olur.

Yaycı kənd sakini Süleyman Abbasov təsərrüfatında 171, Şurud kənd sakini Arif Nuriyev 145, Teyvaz kənd sakini Saleh Quliyev 134, Boyəhməd kənd sakini Ədalət Həsənov 100-ə yaxın arı ailəsi bəsləyir. Bir çox təsərrüfat adamları arıçılığa gəlirli sahə kimi baxır, bu təsərrüfat sahəsinin genişləndirilməsini diqqətdə saxlayır.

Ədalət Cəfəroğlu

“Arazın səsi ” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: