Oğlanqala, Qızqala - FOTOLAR
İnsan bütün yaddaşını şifrələrlə ötürür. Qəribə, sirli, bəzən anlaşılması mümkün olmayan dillə yaddaşı gizli qatlarda dəfn edib, zamanın, gərdişin hansısa gələcəyinə yolçu edir...
Kim haradan gəlib hara gedəcəyini deyə bilir? İnsan ruh kimi dövrdən dövrə dəyişir, yadlaşır, doğmalaşır. Bəlkə də insanlar hansısa dövrdə olduğu halına düşmən çıxır, bəlkə də minilliklərin o üzündə düşmən olanlar bu üzdə qardaş olaraq doğulurlar...
Lakin yaddaş çox uzaqlara getmir, o həmişə təməlin başı üstündə dolanıb, suyun qaynağını qoruyan əjdahalar kimi gah bir qab, gah bir məzar, gah da bir divar qalığına çevrilib ayıq-sayıq gözləyir...
Tarix laldır. O heç zaman söhbətə birinci başlayan tərəf olmur. Tarix təmkinlidir, o heç zaman danışanın söhbətinə qarışıb onun sözünü düzəltmir. Tarix heç zaman həqiqətin yol yoldaşı deyil. Tarix, hər bir məqamda insan düşüncəsinin və qavrayışının, bəlkə də daha çox arzu-istəklərinin, xəyallarının axarına parçalanıb, gözdən-gözə, sözdən-sözə dəyişir...
***
Buralarda söz susmuşdu... Bəlkə də susmamışdı, çıxıb getmişdi... Nə zamansa Oğlanqalada, Qızqalada bina qurmuş insanlar köçməli olanda ondan yük tutmuşdular, ürəklərinin bir küncündə, karvanlarının bir boğçasında layla kimi, nəğmə kimi, nağıl kimi aparıb getmişdilər. Sözün daşınması insanın qalmaması deməkdir. Gedənlərin apardığı sözlər elə gedənlərin özləri kimi uzaqlaşır. Yadlaşır, unudulur, sözdən sözə düşür, ayrılır, birləşir, yad ellərdən gələn sözlərlə sevgili olur, ev- eşik qurur, övladlar həyata gətirir. Sözlərin ulu babaları ağır-ağır sükuta dalarkən daha çox sözü başa düşülməyən qocalar kimi get-gedə görünməz olur, sonra yoxa çıxır...
İnsanın tərk etdiyi yerdə qalan hər şey əldə tutula bilər, amma dildə tutula bilməz. Baş gedibsə, dil də gedib, dil gedibsə, söz də gedib...
Bir gün bəlkə də o nə zamansa bir kökdən ayrılıb perik düşmüş sözlərin övladları qarşılaşacaq, amma bir-birlərini tanımadan bir-birlərinin yanından ötüb keçəcəklər...
Oğlanqala zirvəsindən ətraf kəndlərə baxa-baxa o kəndlərin içinə düşsək 3-4 min illik sözlərin nə qədərini sağ tapa biləcəyimizi düşünürdüm...
***
Əfsanədə bir oğlan, bir qız vardı...
O Oğlanla o Qız hərəsi bir tayfa başçısının övladlarıydılar...
Bir gün o Oğlanla o Qız əhd-peyman bağladılar. Dedilər ya qovuşacaqlar, ya da onları ayırmaq istəyənlərin istəyini gözlərində qoyub özlərini oda atıb yandıracaqlar...
Günlərin bir günü Oğlan qarşı dağdan şənlik səsi aldı. Qızı ondan ayırmışdılar. Oğlan özünü oda atdı, amma od arxaya çəkildi. Oğlan oda sarı getdi, od arxaya çəkildi. Oğlan ha elədisə od onu yandırmadı...
Oğlan sözündən dönə bilməzdi, amma od onu yandırmırdı. Oğlan əlini Günəşə açıb onu daş eləməsi üçün duaya dayandı...
Oğlan daşa döndü, ağ daşa...
***
Hər bir xalq özünə xas məhəbbət əfsanələrinə sahibdir. Sevgi həmişə həyat və hakimiyyət uğrunda mübarizələrin, qanlı hərb meydanlarının, təbii fəlakətlərin, aclığın, kütləvi xəstəliklərin yanında – hər yerdədir. Yazıya alınmadan unudulub gedən hər bir hadisənin yerini bir məhəbbət əfsanəsi alır...
Oğlanqalanın zirvəsində iri ağ daşlar var... Baxa-baxa “görəsən bu daşlarmı daha tez üzə çıxdı, ya bu əfsanəmi” deyə düşünürdüm. Bütünlüklə yer qatından çıxarılan, ən azından üç min illik təməllər üzərində dayanan qədim qala yaxın zamanlara kimi susub torpaq altında uyuyurmuş... Azı səkkiz qat qala divarlarının arasında, ağlagəlməz ustalıqla yonulub yerinə oturdulmuş, bir-birinə keçirilmiş nəhəng daşların səfinə baxdıqca bu yerlərin qədim sakinlərinin nələrə qadir olduğunu bir daha anlayırsan. Səhrada ucaldılan ehramların mühəndis sirri bu günə kimi tam açılmış sayılmazkən, Oğlanqalanın bürc divarlarına qoyulmuş daşları arasında nə gizlinlər qaldığı, hələ nələrin susub tapılmasını gözlədiyini təsəvvür etmək çətin deyil...
***
Deyilənə görə Oğlanqala heç zaman düşmən əlinə keçməyib. Heç kim onun bir divarından digər divarına adlayıb zirvəsinə qalxa bilməyib. Sonra minillər boyunca bu dağın sinəsində, zirvəsində torpaq yuxusuna gedib, səsini çıxartmayıb...
Üzü o yana baxan tərəfdə bizə bir Qızqala baxır...
Amma onun Oğlanqaladan çox-çox yaşlı olduğu deyilir...
Qız dünyaya gəlməyə tələsib, Oğlan dünyaya gəlməyə gecikibmiş...
Amma zaman dayanıbmış, aradakı yüzilliklər bir göz qırpımı kimi görünməz olub, Oğlanla Qızın əhd-peymanına şahidlik edibmiş...
Bir göz qırpımı kimidir insan həyatı, hələ o arada da imkan tapıb aşiq də olur - Oğlanqalayla Qızqala kimi...
***
Görəsən Oğlanqalanın qala daşları haradan gəlib? Harada yonulub, necə hörülüb üst-üstə?
İnsan, cavab tapmadığı bütün sualların üstünü sevgiylə örtür. Bir nağıl uydurur, bir əfsanə yaradır, bir layla pıçıldayır körpələrin qulağına. Qocalar ağır-ağır, qarılar ipək-ipək sözlər seçə-seçə daşı da, qayanı da, qanı-qadanı da, tarixin bəlkə heç zaman baş açmayacağı gərdişini də sevgi haqqında hekayəyə çevirir... Kimsə sevgilisi üçün dağları çapıb yol salır, kimsə qayanı dəlib su tapır, kimsə bir gecənin içində saray tikir...
Aşağı boylanırsan- Arpaçay əfsanəsi, qarşıya boylanırsan Qızqala, başını aşağı salırsan Oğlanqala...
Görəsən Oğlanqalanın ağ daşları hansı sarayın divarından qopub səpələnib? Bəlkə Tanrı bir gün nəyisə dəyişmək fikrinə düşüb və ətəyindəki daşları töküb?..
Bəs ondan sonra nə olub?..
***
Ondan sonra...
Günlərin bir günü bir adam ucalığına boylandığı tərəfə bir addım atıb nəsə axtarmağa başlayır...
Əvvəl nağıllar dilə gəlir, sonra arxivlər, sonra insan ilk küp qırığını, ilk sümük qırıntısını, ilk yonulmuş qala daşını tapır... Tapılmış yaddaş Günəşə işarə edir, barmağını yerdə həyatın mənbəyinə tuşlayıb onu müqəddəsləşdirmiş insanların inamını yeddi- səkkiz qat qala divarları arxasında qoruyub saxlamaq əzmini nişan verir...
Tarixin qatına ilk işıq düşür, ilk səslər eşidilir, minilliklərin bu üzündən insan yeni iz açıb köhnə cığırların yaddaşını oyadır...
Bir müddət keçəcək oyadılmış cığırlar dünyanın hər tərəfindən gəlmiş insanların ayaq izlərini qarşılayacaq...
Uzaq-uzaq ellərin hərəsi bir dillə danışan, hərəsi Tanrıya bir cür üz tutan adamları zirvəyə qalxa-qalxa, uzaqlarda görünən zəmilərin yaşıllı-sarılı genişliyinə baxa-baxa qədim köklərin qatlarında gizlədilmiş tarixçələrə qulaq asacaq, sonra o tarixçələri bu yerlərin xatirəsi kimi özləriylə aparıb gedəcəklər... Bu yerlərə gələnlərin hamsının ürəyində həm də bir sevgi hekayəsi - Oğlanqala, Qızqala əfsanəsi yer tapacaq...
Hədiyyə Şəfaqət