Milli dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, olduğu kimi yaşadılmasında və gələcək nəsillərə ərməğan olunmasında Şahbuz rayonunun Kükü kəndinin adı xüsusilə çəkilir. Bu kəndin ən yaxşı xalça toxuyanının, dülgərinin, misgərinin, pinəçisinin, dərzi ustasının və sair kimi sənət sahiblərinin istedadı, bacarığı, əl işləri gələcək nəsillərə nümunədir. Bir də bu kənddə toy və yas kimi qədim mərasimlərimiz özünəməxsus şəkildə icra edilir, qorunur. Kəndin toy adətləri öz səciyyəvi cəhətləri ilə başqa regionların toylarından fərqlənir. Belə ki, kəndin toylarını fərqləndirən, maraqlı edən “Şax bəzəmə” adəti var. Bu adət qədimlərdən kənd toylarının yaraşığı olub və bu gün də gənc nəsil tərəfindən bu adətin unudulmasının, yaddan çıxmasının qarşısı alınır. Kükü kənd mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvü Günel Vəliyeva hazırda şax bəzədilməsi ilə məşğul olur.
“Şax bəzəmə” üçün əvvəlcə şaxın özünü düzəltmək lazımdır. Şaxı düzəltmək heç də asan başa gəlmir. Onun üzərinə bir neçə kiloqram ağırlığında müxtəlif şirniyyatlar və bəzək əşyaları, hədiyyələr bağlandığı üçün bu işin öhdəsindən vaxtilə kəndin ən yaxşı ustaları gəliblər. Kükü kənd sakini Mükərrəm Hüseynov da 80-ci illərdə bu işin ən yaxşı ustası kimi kənd sakinləri arasında ad-san qazanıb. Onun düzəltdiyi şaxı kəndin qız-gəlinləri bəzəyərək neçə-neçə toylarda ortalığa gətiriblər.
“Şax bəzəmə” zamanı onun yanlıqlarına bəyə və gəlinə hədiyyə etmək üçün müxtəlif şirniyyatlar, bəzək əşyaları, qiymətli parçalar bağlanır. Əvvəllər “Şax bəzəmə” zamanı ən hündür milinə adətən nar sancılarmış. Son dövrlərdə isə daha çox bəzək əşyaları, yaxud da gül bağlanır. Müxtəlif rəngli şirniyyatlar şaxa xüsusi gözəllik verir. Kənddə toy olarkən al-əlvanlığı ilə diqqəti cəlb edən şaxın toy mağarına gətirilməsi qonaqlara xüsusi zövq verir. Şaxın mağara gətirilməsini isə ən böyük maraqla uşaqlar gözləyir. Onun üzərindəki şirniyyatlardan qoparıb yeyirlər.
Bu adətimiz gənclər tərəfindən qorunmalı, nəinki Kükü kəndinin, eləcə də başqa kənd yerlərimizin toy adətləri sırasında “Şax bəzəmə” də həvəslə icra edilməlidir.
“Oğuz səsi” qəzeti