Çörək rənginə boyanan Sədərək - FOTOLAR

A- A A+

Bir yay günündə yolunuz düşübmü Sədərəyə? Düşməyibsə, mütləq gedin. Gəzin, görün, 1990-cı illərdən fərqli olaraq indi çöllərində, tarlalarında güllə, top mərmisinin səsi deyil, kombayn, yeni binalar quran texnikaların səsi gələn Sədərəyi. Yaraşıqda heç bir şəhər mərkəzindən geri qalmayan, səliqə-sahmanda ən böyük şəhərlərə belə meydan oxuyacaq görüntüsü olan Heydərabadı ziyarət edin! 

Bu gün tamam başqa mənzərə vardı Sədərəkdə. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Heydərabad qəsəbəsi indi bu rayonun mərkəzidir. Özü də düşmənin  təmas xətti ilə onun sonuncu binasının sərhədi arasında olan məsafə   hava yolu ilə heç bir kilometr də deyil. Ancaq sən bunu hiss etmirsən. Çünki özündən dəfələrlə güclü düşməni zamanında yerində oturdub bu yurdun insanları. Onların cəsarətinin toxumu kimi cücərən Heydərabad qəsəbəsi elə sürətlə inkişaf edir ki, onun döyüş bölgəsinin yaxınlığında olması adamın ağlına belə gəlmir. Bir tərəfdən yaşıllıqlar arasında itən müasir, qırmızı damlı binalar, abad yollar və yaradılan digər infrastruktur da bu cür məqamları yada salmağa ehtiyac yaratmır. Uzun illər iməciliklər, yaşıllaşdırma tədbirləri nəticəsində əkilib-becərilən və geniş əraziləri tutan  bağlardakı ərik, alma, gilənar ağaclarındakı meyvəni görəndə, buradakı rahat, təbii ab-havaya  düşəndə özünü dünyanın ən sakit, hüzrlü bir yerində sanırsan. Ətrafda çalışan adamlar da öz işlərini sakitcə görürlər. Kimi yolların kənarında qalxan otları biçir, kimi isti yay günəşinin rəngini bir qədər soldurduğu bardür daşlarını yenidən boyayır, kimi də yol boyu təmizlik işləri aparır. Gündəlik qayğılar, xidməti  işlər də  öz axarı ilə gedir. Ətrafda olan hər şeydə bir düzən və  sevgi var. Torpaq, yurd, Vətən sevgisidir bu!

Yaraşıqlı hündür binaların arasından bir qədər aralıda ordumuzun mövqeləri görünür. Dağların başına sanki bir istehkam, qala divarı çəkilib. Uzaqdan bu səngərlər lap Çin səddini xatırladır. Əyri-üyrü zirvələrlə uzanıb gedir. Bu istehkamın arxasından əsgərlərimiz düşmənə nəzarət edir, hər bir addımını izləyir. Elə buna görə də   dövlətimizin qayğısı ilə əhatələnən Azərbaycan  əsgərinin səyi və ayıqlığı ilə indi Sədərəyin sərhədlərində  atəş səsləri, güllə vıyıltısı yoxdur.

...İndi Sədərək öz yay günlərinin qayğısını yaşayır. Sakinlər üçün 7 mərtəbədən ibarət, 48 mənzilli hər bir şəraitlə təmin edilən rayonun ən hündür yaşayış binası tikilir, muxtar respublikada ən böyük Su Monitorinq Labaratoriyası inşa edilir. Bundan başqa gündəlik həyat öz axarı ilə davam edir.

Amma burada diqqəti çəkən əsas məqam geniş, sapsarı taxıl zəmilərində məhsul toplayan kombaynların gurultusudur. Bu gurultu əslində  abad və inkişaf edən, öz sabahının qayğısına  qalan qəhrəman Sədərəyin çöllərinin ahəngi, nəğməsidir. Sədərəyin taxıl zəmiləri tamam başqa aləmdir. Burada dümdüz, göz işlədikcə uzanıb gedən genişlikdə yaşıl və sarı rənglərin harmoniyasından qəribə bir mənzərə yaranır. Kəhrəba rənginə çalan taxıl zəmiləri yamyaşıl ağaclarla əhatələnib. Uzaqda isə yenə də mənzərəni dağlardakı səngərlər tamamlayır. Sədərək bu yay günündə sanki bir neçə sərhəddə bölünüb- sarı rəngli taxıl zəmilərinin kənarındakı su arxları, onların ətrafında baş-başa verib küləkdən yırğalanan yaşıl ağaclar və rayon ərazisini əhatə edən səngərlər. Sanki iç-içə  3 qat divarlarla əhatələnən  qalaya bənzəyir. Əslində elə Sədərəyin ikinci adı da  “Naxçıvanın alınmaz qalasıdır”.  Sanki bunu təbiət də təsdiq edir.

Uzaqdan kombaynlar görünür. İndi onların dövranıdır. Hayla-küylə bərəkətli taxılı acgözlüklə cənginə alan müasir kombaynların da rəngi sarıdır. Onlar bərəkət, bolluq simvoludur bu çöllərdə.  

Sədərəkdə bu il əhali bol taxıl əkib. Rayon ərazisinin az qala boş yeri qalmayıb. Hətta düşmənin gözü qabağında, necə deyərlər beş addımlığında olan hər qarış əkilib. İldən ilə isə bu ərazilər daha da genişlənəcək. 

Hər tərəfdə biçilən və biçilməkdə olan zəmilər görünür. 2500 hektara yaxın sahədə bol məhsul toplanır. Hətta bu il məhsuldarlıq da yüksəkdir. Mütəxəssislər hər hektardan 40 sentiner və hətta bir qədər də artıq taxıl biçildiyini deyirlər. Səbəb isə məlumdur. Zamanında yaradılan bir neçə mərtəbəli nasos qurğuları Araz çayından gələn suyu çöllərə vurur. Davamlı olaraq sahələr su ilə  təmin edilir. Bundan başqa vaxtında dövlət tərəfindən sahibkara verilən gübrə, şırım üsulu ilə əkin  və aqrotexniki qaydada qulluq da öz sözünü deyir. Bu torpağın min illərdir ki dilini bilən insanların təcrübəsi olsa da, yenə də  dövlətin dəstəyi var  hər bir fermer, təsərrüfat sahibi və sahibkar üçün.  Nəticə isə göz qabağındadır.    

Əgər yay fəslinin gözəlliyini, yaraşığını və bərəkətini görmək istəyirsinizsə,  Sədərəyə mütləq gedin. Sədərək ilin bu fəslində sanki qızılı rəngə boyanıb. Zəmilərin, bərəkətin, taxılın və ən əsası halal çörəyin rənginə boyanıb.

Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: