Osmanlı musiqi tarixinə adını qızıl hərflərlə yazdıran naxçıvanlı bəstəkar - FOTOLAR

A- A A+

Türkiyə klassik musiqisinin inkişafında xüsusi yeri olan sənətkarladan bir də Murad ağadır. Ona dair yazılan bir çox mənbədə qarşımıza çıxan Murad ağa 1610-cu ildə anadan olub. Əslən naxçıvanlıdır. Sultan IV Muradın Rəvan səfərindən sonra İstanbula gətirdiyi on iki sənətkar arasında yer alan Murad ağa sazəndə qrupunun iki xanəndəsindən biri olub. Əsəd Əfəndi bu barədə yazır: “On iki şəxs Bağdaddan İstanbula  gələndə çox gənc idilər”.

 “İslam Ensiklopediyası”nda bu barədə məlumat verilir. Övliya Çələbi onun carta (çartar), Hüseyn Behcət şestak, Əsəd Əfəndi şeştar çaldığından bəhs edirlər. Onun şeştar ustası olması musiqişünaslar arasında Şeştari Murad ağa kimi tanınmasına gətirib çıxarıb. 

Qeyd edək ki, şeştar (şeştay) türklər və digər müsəlman xalqları tərəfindən istifadə edilən və yerini tambura vermiş olan simli çalğı alətidir. Mənbələrdə qeyd olunur ki, təbrizli Əli xanın icad etdiyi bu musiqi aləti çartara bənzəyir. Lakin adından da bilindiyi kimi onun altı simi var. Şeştardan bu gün İran, Azərbaycan və Qafqazda da istifadə olunur. İbni Qəbinin tərifinə əsasən onun müxtəlifölçülü uda bənzəyən üç növünün olması ilə bağlı məlumat var.

Bu barədə mənbələrdə qeyd olunur ki, Şeştay unudulmuş simli, mizrablı alətdir, "Dastani Əhməd Hərami"də, Əbdülqadir Marağayinin əsərlərində, Həbibinin şeirlərində rast gəlirik.  Belə bir fakt diqqəti cəlb edir: Həbibinin şeirlərinin birində udun   adı digər simli alətlər-şeştay, çəng və bərbətlə yanaşı çəkilir.

Ə. Marağalı 3 cür şeştay haqda məlumat verir. I-II növ şeştaylar qolunun ölçüsünə görə fərqləniblər. III növ şeştayın isə gövdəsi üzərində 15 cüt sim olub və əsasən, Anadoluda istifadə edilib. Şeştayların bütün növlərinin udabənzər çanağı, 6 simi olub. Bu simlər cüt köklənib. Alətin kəlləsində 6 aşıx yerləşdirilib. Çanağın üzərinə ağacdan nazik üzlük vurulurdu. Fikrimizcə, III növ şeştay daha maraqlı alət olub, 15 cüt aşıx isə, sitar alətində olduğu kimi, qolda yerləşdirilib, yəni qol boyu aşıxlar düzülüb.

Şeştay sözündə şeş-altı, tay isə bir neçə hissə, ümumi halda altı hissəli alət mənasını verir.

Türkiyənin musiqi tarixinə dair yazılmış bir çox mənbədə də Murad ağa Şeştari ilə bağlı çox maraqlı faktlar yer alıb. Murad ağanın şöhrətinin ən parlaq dövrü IV Murad ilə (1623-1640) IV Məmməd (1648-1687) dövrləri arasında olub. İstanbula gəldikdən sonra Beşiktaş tərəfdə yaşayıb, burada da vəfat edib.

Hüseyn Behçətin ona yazdığı şeirdən aydın olur ki, o, İstanbulda 36 il yaşayıb. Behcətin “Tarix” mənzuməsində Murad ağanın şairliyindən də bəhs edilib. Murad ağa məlahətli səsə malik olub.

Behçətin yazdığı bu sətirlərdə isə Murad Ağa barəsində yazılıb:

Tarixi vəfat kərdəni-ustadı-aləm-ara Şeştayi Murad ağa.

( Rəhmət-ullahi əleyh )

 

Bir dəm olmaz ki gönül inləm eye çiin şeştâ

Cevri nasazi əlindən fələyin sad fəryad.

 

Gör o sazəndəyi yektaya nə biydad etdi

Nəğməsi eylərkən bəzm gəhi aləmi şad.

 

Eylədi cagehin məclisi uzlət indi

Bir zaman olmuşkən mutribi Sultanı-Murad.

 

Heç yanında anın qıl çalamazdı kimsə

Peyrəv olardı əgər bəzminə gəlsə Avvad.

 

Həm sultandan idi hem şairi-pakizə-rəviş

Həm nəğamsaz idi həm mutribi aşüftə-nihad.

 

Zührə sazın yere salmazsa əcəbdir kim anın

Peyrəvi idi fələkdə o tərənnüm iyrad.

 

Gedəcək darı-fənadan bu maariflə o zat.

 Eyləyüb bəzmi-fələkdə ana tarih inşad.

 

Behçətidən dedi Nahid bir artıq tarix

“ İttiahenki fəna hayf bəmi-sazı-Murad

Bəstələdiyi əsərlərlə dövrün tanınmış musiqişünasları arasında yer almağı bacarıb. Mənbələrdə qeyd olunur ki, Murad ağa musiqiyə aid ilk dərsləri elə doğulduğu torpaqda, Naxçıvanda alıb. Sonralar musiqi təhsilini İstanbulda davam etdirib, öyrəndikləri ilə ustad səviyyəsinə çatıb.

Bəzi akademik məqalələrdə Şeştari Murad ağanın “Buselik Muhammes Karçesi” (Busəlik müxəmməs karçəsi) adlanan əsəri haqqında məlumatlar yer alıb. Sözlərinin Sultan Hüseyin Bayqara, Kəmaləddin Murad Haciyi Kirmani və s müəlliflərə aid olduğunu göstərən bir çox mənbə mövcud olsa da, əsərin sözlərinin kimə aid olması dəqiq bilinmir.

Bəzi tədqiqatçılar Əbdülqadir Marağayinin müəllifi olduğuna inanılan bir çox bəstənin Murad ağa Şeştariyə məxsusluğunu qeyd ediblər. Əsəd Əfəndi onun  tərcümeyi-halından qısaca bəhs edib və onun yazdığına görə  Murad Şeştari  30-a yaxın əsər bəstələyib. Bu əsərlər isə təbii ki, özündən sonra gələn musiqi sənətində öz sözünü deməklə yanaşı müəyyən istiqamətdə onlara təsir də edib. Maraqlı isə odur ki, hələ Osmanlı dövründə yaşayan və geniş təbliğ edilən bu musiqinin yaradıcısı naxçıvanlıdır. 

Bu cür sənətkarlarımız isə yəqin ki, yetəri sayda çoxdur. Onları araşdırıb ortaya çıxarmaq və  tanıtmaq  hər bir elm adamının müqəddəs borcu olmaqla yanaşı, həm də qürurvericidir. Onları araşdırıb üzə çıxardıqca Naxçıvanımızla daha da fəxr edirik. .

Nərgiz İsmayılova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,  

filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: