Babək qəsəbəsində içməli su və kanalizasiya sistemləri qurulur - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin tikintisi davam etdirilir. Evlərdə su birləşmələri və kanalizasiya bağlantıları aparılır.
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşı Orxan Əsgərov bildirib ki, bu günə qədər Naxçıvançay yatağında müxtəlif diametrli borularla 1500 metr kaptajın tikintisi başa çatıb, baxış quyuları quraşdırılıb. Kaptajdan su anbarına qədər diametri 600 mm olan şüşə lifli borularla 5100 m xətti çəkilib. Ümumi tutumu 15 min kubmetr olan 2 su anbarının tikintisi başa çatıb, su anbarından Babək qəsəbəsinə qədər 7,65 kilometr aparıcı boru xətti çəkilib. Müxtəlif diametrli borularla 94,1 kilometr içməli su xətti, 90,2 kilometr kanalizasiya xətti çəkilib, 3924 su ev birləşməsi və 1924 kanalizasiya ev bağlantısı aparılıb.
Qeyd edək ki, bundan əvvəl Babək rayonunun Şıxmahmud-Xəlilli və Şəkərabad kəndlərində də içməli su və kanalizasiya sistemlərinin çəkilişi uğurla başa çatdırılıb.
Novruz Məmmədov