Ukraynanın səfiri muxtar respublikada səfərdədir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. Qonaq səfər çərçivəsində Heydər Əliyev Muzeyi və Naxçıvan Biznes Mərkəzi ilə tanış olub.
Səfir və xanımı əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsinin önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra səfirə Heydər Əliyev Muzeyi barədə məlumat verilib. Diplomat görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə, kitablara, qəzet və jurnallara, həmçinin həyatının müxtəlif məqamlarını əks etdirən sənədlərə maraqla baxıb. Qonağın ən çox diqqəti çəkən isə ümummilli lider Heydər Əliyevin xarici ölkələrin, xüsusilə də Ukraynanın prezidentləri ilə görüşü zamanı çəkilmiş fotoşəkilləri, Naxçıvanda Ali Məclisin Sədri işlədiyi dövrdə istifadə etdiyi şəxsi əşyaları olub. Səfir muzeydən zəngin təəssüratlarla ayrılıb.
Sonra Naxçıvan Biznes Mərkəzinə gələn diplomata muxtar respublikada istehsal olunan məhsullar barədə ətraflı məlumat verilib. Mərkəzdə sərgilənən məhsullar qonaqda maraq doğurub.
Qeyd edək ki, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladyslav Kanevskyin muxtar respublikaya səfəri davam edir.
Cavid Səfərli