BMT-nin Baş katibi: Sürətli qlobal istiləşməyə yol verməmək mümkündür

A- A A+

Bizim məqsədimiz cari yüzilliyin ikinci yarısında karbonsuz gələcəyə nail olmaqdır.

NUHÇIXAN xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Birləşmiş Ərəb Əmirliklərində qarşıdan gələn iqlim sammitinin gündəliyinin hazırlanması məsələsinə həsr edilmiş konfransda çıxış edib. BMT rəhbəri qlobal istiləşmənin nəticələrini xatırladaraq qeyd edib ki, belə nəticələrdən biri Himalay buzlaqlarının sürətlə əriməsidir. Bu, Asiya ölkələrində ciddi problemlərə gətirib çıxara bilər.

A.Quterreş deyib: “Hər həftə iqlim dəyişmələri ilə bağlı yeni dağıntılar baş verir. Daşqın, quraqlıq, yanğın və qasırğaların baş vermə tezliyi artıb. Keçən ay mən Sakit okeanın cənubundakı Tuvaluya getmişdim. Orada insanların daim vahimə içərisində yaşadıqlarını gördüm: onlar qorxurlar ki, dəniz səviyyəsinin artması subasmaya səbəb ola bilər. İqlim dəyişmələri ucbatından bütün dünyada insanlar evlərini itirir, miqrasiya etməyə məcbur olurlar”.

İqlim dəyişmələrinə həsr edilmiş sammit bu il sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək. Həmin sammitin əsas məqsədi Paris Sazişinin yerinə yetirilməsinin konkret yollarını razılaşdırmaqdır. Bu Sazişə əsasən, qlobal temperatur artımını 2 dərəcə, imkan daxilində 1,5 dərəcə həddində saxlamaq vəzifəsi qarşıya qoyulub.

BMT rəhbəri deyib: “Mən bütün liderlərinə – hökumətlərin və özəl sektorun nümayəndələrinə müraciətlə parnik qazları tullantılarını 2030-cu ilədək 45 faiz azaltmaq, 2050-ci ilə qədər onların həcmini sıfıra endirmək barədə planlarını qarşıdakı sammitdə və ya ən geci 2020-ci il dekabrın sonuna qədər təqdim etməyə çağırıram”.

Vaxtı itirməməyə çağıran BMT rəhbəri xəbərdarlıq edib ki, vəziyyət pisləşəcək. Ötən həftə dərc edilmiş məlumatlara görə bu əsrin əvvəlindən Himalay buzlaqlarının ərimə sürəti iki dəfə artıb. Bu, Mərkəzi, Şərqi və Cənubi Asiyada su təchizatı ilə bağlı problemlərə gətirib çıxara bilər. Arktikadakı əbədi buzlaqlar proqnozlaşdırılandan daha sürətlə əriməkdədir.

Baş katib alimlərin son vaxtlar elan etdiyi nəticələrə istinad edib. Onlar xəbərdarlıq edirlər ki, hətta ölkələr iqlimə dair Paris Sazişinin müddəalarını tam həcmdə yerinə yetirsələr belə, bu yüzillikdə temperatur 3 dərəcə arta bilər. Bu isə fəlakətli nəticələrə gətirib çıxaracaq. Bununla belə, hələlik temperaturun 1,5 dərəcədən çox artmasına yol verməmək mümkündür, lakin bunun üçün bütün sahələrdə: torpaq resurslarının idarəedilməsi, energetika, sənaye, tikinti və nəqliyyat sahələrində təcili tədbirlər görmək lazım gələcək.

Antonio Quterreş deyib: “Buna görə mən sentyabrda iqlim məsələlərinə dair sammit çağırıram”. O, “yaşıl iqtisadiyyat”ın üstünlüklərini xatırladaraq, bərpaolunan enerji mənbələrinə keçid prosesini fəallaşdırmağa çağırıb. O vurğulayıb ki, iri iqtisadiyyata malik olan ölkələrin demək olar hamısında günəş və külək ən ucuz enerji mənbələrinə çevrilib.

Əbu-Dabidə günəş enerjisi ilə işləyən elektrik stansiyasına gedəcəyi günü səbirsizliklə gözlədiyini deyən Baş katib xatırladıb ki, qlobal istiləşməyə qarşı mübarizənin yolları məlumdur. Onun sözlərinə görə, bütün dövlətlər parnik qazları tullantılarına görə vergi tətbiq etməli, qazıntı şəklində yanacağın hasilatına və istifadəsinə subsidiya ayrılmasını dayandırmalı, iqtisadiyyat sahəsində qərarlar qəbul edilərkən iqlim dəyişməsi amilini nəzərə almalıdırlar.

BMT-nin Baş katibi vurğulayıb: “Vergi ödəyicilərinin pulları qasırğaların daha dağıdıcı olması, dünyanın quraqlıqdan və qızmar havadan əziyyət çəkməsi, buzlaqların əriməsi üçün istifadə edilməməlidir. Biz kömürlə işləyən yeni elektrik stansiyaları tikintisini 2020-ci ilə qədər dayandırmalıyıq. Bizə “boz iqtisadiyyat” deyil, “yaşıl iqtisadiyyat” lazımdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: