Gömrük işi sahəsində Azərbaycan və Türkiyə birgə təliminin iştirakçıları muxtar respublika ilə tanış olub - VİDEO

A- A A+

Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan və Türkiyə gömrük xidməti əməkdaşlarının birgə təlimində iştirak etmək üçün muxtar respublikamıza gələn qonaqlar Naxçıvanın bir sıra tarixi-mədəni abidələrində və muzeylərində olublar.

Əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlar burada ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar. Dahi rəhbərin mənalı ömür yolunu, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəsürat oyadıb.

Naxçıvan Dövlət Xalça Muzeyinə gələn qonaqlara məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu mədəni irsimizin qorunması və təbliği işinə diqqət artırılır. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.

Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində də olublar. Xan sarayında bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Möminə xatın türbəsi və açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda böyük maraq oyadıb. Məlumat verilib ki, 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilən Mömünə xatın türbəsi sərdabə və yerüstü hissələrdən ibarətdir. Şərq memarlığı incilərindən olan bu türbə dünyada ana və qadın şərəfinə ucaldılan ən möhtəşəm abidələrdəndir. Açıq səma altında nümayiş etdirilən və müxtəlif dövrlərə aid olan 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələri, daş fiqurları, qəbirüstü sənduqələri qonaqlar  maraqla izləyiblər. Təkcə Naxçıvanın deyil, ümumilikdə, Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim qalalarından biri olan Naxçıvanqala da qonaqların diqqətini cəlb edib.

Təlim iştirakçıları Nuh Peyğəmbərin məzarüstü türbəsi, Naxçıvan Biznes Mərkəzi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Dövlət Bayrağı Meydanı və Muzeyi və  Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.

 

Nurlan Sadiqov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: