Ümid birinin sonsuzadək yandıracağı şamdır.
Biri vardı, biri yox... Nağıllar belə başlayır...
Əslində nənələrimizin nağılları da zaman-zaman həyatın həqiqətlərini əks etdirməyibmi?.. Bəzən həqiqət elə həqiqətin özünü çatdırmaq üçün nağıla çevrilir dilimizdə...
Biri yoxdu ... və olmayanı biz var etməliyik.
Siz heç yol gedərkən ayaq saxlayıb yol kənarında gözlərində illərin yorğunluğunu daşıyan bir adamın sakitcə oturub susqunluğu ilə sizi “çağırdığını “ eşitdinizmi ? “Eşitməyi” sınayın ..
Ruhumuzla yaşamalıyıq bu həyatı, bəlkə də çox zaman bir çox insanın içində elə məhz öz insani keyfiyyətlərini özünə göstərən və aşılayan səsləri eşidəcəyik...
Bu həyatda hər şey, xüsusilə də insanlıq dediyimiz məfhum artıq dəbə çevrilib. Bəzən çoxumuz etdiyimiz yaxşılıqları nəyinsə, kiminsə xatirinə, kiməsə göstərmək, kiminsə gözündə “yüksəlmək” üçün edirik. Sol əlimizin sağ əlimizin verdiyindən xəbərsiz olmalı olduğunu bildiyimiz halda... Yaşadığımız dünyada əllərimiz daim həm bir-biri, həm də digər əllərlə təmasdadır.
Bir nəfəslik həyatımızda insanlıq xatirinə sevgimizi ətəyimizdən tökməliyik... Soruşuram: -Evimizin künclərinə gülümsəyən üzləri rəsm edib, özümüzü görməkmi gözəldir, yoxsa ruhumuzu oxşadığına inandığımız cansız əşyaların tozunu silməkmi? Özümüzü aldatmayaq, tozu silinmiş əşyalar heç zaman bir körpənin təbəssümü qədər ürək açıcı, bir ümidsizliyə ümid olmaq qədər işıltılı olmur...
Nəyin davasını edirik bu həyatda? Bu suala hər birimizin özümüzə xas bir cavabı var. Ancaq əl-ələ verib, kürək-kürəyə dayanıb tapdığımız ortaq cavablar dünyanı az da olsa aclıqdan, yoxsulluqdan, müharibələrdən xilas edə bilər. İnanın, edə bilər... Sadəcə, ortaq cavab üçün ortaq düşüncə və ortaq sevgi dolu ürəklər bir döyünməli, bir yerdə gözəl şeylərə can atmalıdır...
İnsan gözəl şeyləri hiss etməli və paylaşmalıdır. Paylaşmağı bilən insanlar alqışa layiqdirlər...
Düşüncəmizin gizli qatlarında bir inam formalaşmalıdır. Bütün insanlar bizim qonağımızdır. Nə isə gətirib gəliblər, nələrsə də qazanıb aparmalıdırlar. Gətirdikləri hər nə olursa olsun, qazanıb apardıqları insanlıq olmalıdır. Öləziyən insanlığın doğula və yaşaya, arta bilməsi üçün insanlıq...
Ruh, bizim bağçamızdır. Toxum ruha əkilir, sevgiylə bəslənir, şaxələnir və Cənnətdən qovulanlar Cənnətə yol olsun deyə, körpü niyyətinə onun meyvələrini dadırlar.
Yolumuzun üstündə bizi çağıran səslərə qulaq vermədən keçməyək. Bəlkə də bu səs bizim Cənnətimizin yeganə səsidir...
Əfruz Seyidova