Hərdən oturub fikirlərimə ayna tuturam. Xatirələrin qoynunda uçuram kəndimizə, həyəti daim səs-küylü olan kənd evimizə. Keçmiş günləri, acılı-şirinli uşaqlıq çağlarını xatırlayıram. Yadıma çox şeylər düşür. Bu gün sükuta dalmış təndirəsər damından təndir çörəyinin ətri gəlir. Kündə açan, çörək yapan qonşularımızın səs-küyü, şirin söhbətləri xəyalən üzümə təbəssüm qondurur. Hələ səhərin gözü açılmamıs, gün yerindən çirtlamamış od salınan təndirin tüstüsü dolur gözlərimə sankı. Gözlərimi ovuşdururam, fikrim daha da aydınlanır, düşüncələrim istər-istəməz misralara çevrilir. Bu yaxınlarda qonaq edildiyim təndir çörəyinin ətrini duya-duya, ləzzətini dada-dada ürəyimdəkiləri sizinlə bölüşürəm.
Oturanda keçmiş gunlər çözülər,
Gözlərimə nələr-nələr düzülər,
Bəzən yolda fikirlərim üzülər,
Yada düşər hər bir evin gərəyi,
Xoş ətirlı təzə təndir çörəyi.
Tezdən durub suya un, duz qatardıq,
Qalaq vurub təndirə od salardıq,
Çörək daşın alıb, bardaş qurardıq,
Çağırardım:- Bəyim xala, tez gəlin,
Təndir keçdi, harda qaldı qız-gəlin?
Anam haylar, kündəni sal, tez gətir,
Atan istər isti çörək, yağ, fətir,
Məhləmizi bürüyərdi xoş ətir,
Çağırardı anam məni iş üstə,
Təndir iti, çörək durmaz şiş üstə.
Biz gözlərdik həsrət ilə çörəyi,
İstəməzdik yağlı tıkə, xörəyi,
Verərdilər şorla- kərə dürməyi,
İsti- isti “gözümüzə təpərdik”,
Yeyib-doyub nənəmizi öpərdik.
Kənd baş –ayaq danışıqdan keçərdi,
Bu söhbətlər hər kəsə “don biçərdi”,
Oğlan, qıza burda qismət seçərdi,
“Evləndirib, yola da salardılar”
Hər ocaqdan bir xəbər alardılar.
Dizlərini qollarıyla qurşaqlar,
Xısın- xısın gülüşərdi uşaqlar,
Anam bizi gözünün altda saxlar,
“Söhbət sizlik deyil”, - başdan sovardı,
Oxlov ilə bizi ordan qovardı.
Çiçək-çiçək çörəklər çinlənərdi,
Çörəkçilər bir hovur dincələrdi.
Təndirəsər gün boyu şənlənərdi...
İki tay un üç təndirə yapılar,
O gün, təzə çörək görər qapılar.
Qohum-qonşu çörək üstə çıxardı,
Tər çörəyə yağlı pendir yaxardı,
İçməyə də çeşmə suyu axardı.
Çeşmə başı, təzə çörək, pendiri,
Unutmadıq, biz qoruduq təndiri.
Təranə Arifqızı