NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.
İclasda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələr və 2019-cu ilin birinci yarısında görülən işlərlə bağlı Komitənin sədri Ramilə Seyidova çıxış edib. Bildirib ki, bu ilin 6 ayı ərzində muxtar respublikada insan hüquq və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının qorunmasını təmin etmək məqsədilə tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, həmin dövrdə aztəminatlı ailənin üzvü olan qadınlarla söhbətlər aparılıb. Onlardan peşə kurslarına cəlb olunması və işlə təmin edilməsi üçün müvafiq qurumlara məlumatlar verilib. Uzunömürlü ailələr haqqında məlumatlar toplanılaraq müvafiq bazaya əlavə edilib. 20 uşaq məktəbdənkənar təlim-tərbiyə, müalicə və reabilitasiya müəssisəsinə yönləndirilib, aidiyyəti orqanlarla birlikdə 7 aztəminatlı ailəyə baş çəkilib.
Həmçinin muxtar respublikada 18 yaşadək sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, övladlığa götürülmüş, xüsusi bacarıqları ilə seçilən, müxtəlif beynəlxalq və ölkədaxili yarışların qalib və mükafatçıları olan uşaqların qeydiyyatının aparılması barədə də məlumat verilib.
Komitə tərəfindən monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısı tərtib olunub. Siyahıya uyğun olaraq 2019-cu ilin 6 ayı ərzində 12 uşaq müəssisəsində və valideyn himayəsindən məhrum olmuş 1 uşağın evində monitorinq keçirilib, aşkarlanan nöqsanlar aktlaşdırılıb, tədbir görülməsi üçün aid orqana göndərilib. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına cari ilin 6 ayı ərzində 26 866 uşağın fərdi məlumatları daxil edilib.
Vurğulanıb ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində 7 təlim keçirilib. Layihənin sonuncu mərhələsində 40 qadına sərmayə kapitalının verilməsi nəzərdə tutulub. Hesabat dövrü ərzində kütləvi informasiya vasitələrində maarifləndirmə işi davam etdirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Sonda 2019-cu ilin ikinci yarısı üçün Tədbirlər planı təsdiq olunub.
Mədinə Rəhimli