Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov vəfat edib. Elbəyi Maqsudov 1955-ci il fevral ayının 16 da Babək rayonun Gərməçataq kəndində anadan olub. Gözəl dilçi alim olan Elbəyi Maqsudov yüzlərlə tələbə yetişdirməklə yanaşı həm də gözəl poetik düşüncəli şair idi. NUHÇIXAN şairin “Ana dilim” şeirini təqdim edir.
Ana dilim
Ana dilim, anaların
Şirin-şirin laylasısan.
Ana dilim, gəlin köçən
Qızların bəxt aynasısan.
Ana dilim babaların
Qılıncının kəsəridir.
Ulu, nəhəng türk elinin
Ən müqəddəs əsəridir.
Ana dilim gözəllərin,
İncə, zərif gülüşüdür.
Sərtləşəndə qəlb yandırar,
Kövrələndə gül üşüdür.
Ana dilim bülbüllərin
Həzin, şaqraq, şən səsidir.
Xan əminin zümzüməsi,
Üzeyirin nəğməsidir.
Ana dilim ilk insanın
Bizə gələn qəlb səsidir.
Min illərdir hamımızın
Səcdəgahı, qibləsidir.
Ana dilim- Azərbaycan,
Ata yurdum-Azərbaycan.
Onun adı gələn yerdə
Ürək deyir: -Ay can, ay can.
Sən gözəllik çələngisən,
Sən Muğamsan, sən Cəngisən.
Sən dillərin nəhəngisən,
Canım qurban sana dilim,
Ana dilim! Ana dilim!