Müasir uşaq ədəbiyyatında obraz məsələsi

A- A A+

Uşaq tərbiyəsi cəmiyyətin qarşısında duran ən ümdə məsələlərdən biridir.  Hamımızın uşaq vaxtı kitabla tanış olduğu bir məqam var. Çoxumuz ilk kitabımızı bu gün də xatırlayırıq. Bəzən şəkilli kitablarla başlayan tanışlıq get-gedə dostluğa çevrilir, həmin kitablar vasitəsi ilə tanıdığımız qəhrəmanlar bizi həyatımız boyunca müşayiət edir, yol göstərir, ömrümüzün bir çox məqamlarında  kövrək hisslərin yaranmasına səbəb olur.

Hazırda  inkişaf etmiş texnologiya bir çox məsələlərin asanlaşdırılması, yeniliklər gətirməklə yanaşı, uşaqların həyatında da müəyyən təsirlərin yaranmasına səbəb olmağa başlayıb. Mütəxəssislər, pedaqoq və psixoloqlar həyəcan təbili çalırlar. Addımbaşı qarşılaşdığımız bizə yad olan uşaq qəhrəmanlarının təsvirləri  şüura hopmaqla hazırda dünyanın əsas təbliğat və təsir vasitələrindən birinə çevrilir. Oyuncaqlar, geyimlər, hətta məktəb lavazimatlarınnı üzərindən bizə kimlər baxır, hansı mesajları ötürürlər? Tom və Cerrini, Madaqaskar qəhrəmanlarını, Kayonu, Sedriki, Maşayla Mişanı tanımayan uşaq varmı?..  Bəs həmin uşaqların həyatında daxil olmuş bu obrazları özümüzdən, öz mətnimizdən gələn hansı obrazlarla əvəzləmək imkanına sahibik?..   Bu sualın özü belə   təəssüf doğurur. Hər nə qədər adi yanaşılsa da bu məsələlərin alt qatında böyük bir qeyri-tarazlıq  dayanır. Düşünməli və tanınmış obrazlardan  hər birinin ilk növbədə bir qələm məhsulu olduğunu unutmamalıyıq. Axı əslində hər şey mətndən başlayır..

***

Müasir uşaqlığın bu  təsirlərlə üz-üzə qalması formalaşacaq cəmiyyətin bir çox sahələrində böyük çətinliklərə  gətirib çıxarda bilər. Kitab oxunması  xəyal qurmaq, fantaziya,  təsəvvür etmə bacarıqlarının yaranması, dilin qorunması, ötürülməsi baxımından  vacib olduğu kimi  oxunan kitabların, baxılan filmlərin, dinlənilən musiqilərin, oynanan oyunların  yaratdığı təsir də gözdən qaçmamalıdır.

İndi  ədəbiyyatın qarşısında duran ən mühüm məsələlərdən biri uşaq mətn zövqünün qorunub saxlanması, uşaq hekayələrinin, uşaq şeirlərinin  yazılmasıdır. İndi özünü bütünlüklə uşaq mətnlərinin yaradılmasına həsr etmiş müəlliflərin adını sadalamaq belə çətindir. Mənsub olduğu xalqın izlərinin daşınması,  həmçinin dünyəvi dəyərlərin tanıdılması, uşaqların vətənpərvərlik, humanizm, əməyə hörmət, dostluq,  yoldaşlıq və digər məsələlərlə bağlı  kiçik yaşlarından çatışmazlıq  hiss etməməsi üçün hər bir ölkənin vətəndaşlarının qarşısında duran vəzifələr uşaq ədəbiyyatının yaranmasına xüsusi diqqət tələb edir.  

Müasir dünya uşağın  həyatından ədəbiyyatın əhəmiyyətini sıxışdırıb çıxartmış kimi görünür. Əslində isə bir çox dəyərlərin qorunması üçün, əsasən də müəlliflərin bu məsələyə diqqət ayırması vacib məsələlərdən biridir.

Bir çox ölkələrin folklorundan, ənənəsindən, ədəbiyyatından, həmçinin film və cizgi filmlərindən gələn yad qəhrəmanlar uşaqların yaddaşında özünə möhkəm yer tutduqca  onun mənsub olduğu cəmiyyətə, mühitə yadlaşması baş verir. Bunun qarşısını almaq olarmı? Əlbəttə olar.

Yüzilliklərin sınağından çıxmış müdrik babalar, nənələr, ağıllı nağıl qəhrəmanları,  igidlərin obrazları qorunub ötürülməklə yanaşı, müasir yazıçı həm də öz xalqına xas obrazlar yaratmalı, necə deyərlər qəhrəmanlar doğurmalı, onları  brendə çevirməlidir. Uşaqların şüuruna, gündəlik həyatına, digər uşaqlarla, böyüklərlə münasibətlərinə, yaşadığı ölkəyə, mənsub  olduğu xalqa doğma hisslərlə böyüməsində bu obrazlar  əvəzsis rol oynaya bilər

Sürətləndirilmiş və informasiya bolluğunda olan dünya ailədə valideynlərdən, təhsil müəssisələrində pedaqoqlardan bu yöndə çətinliklərin aradan qaldırılmasında xüsusi diqqət tələb edir. Bu mənada kitabxanaların da təsirini unutmaq olmaz. Uşaqların kiçik yaşlardan başlayaraq  kitabxanalara cəlb edilməsi, müəyyən tədbirlərin həyata keçirilməsi fonunda doğma  obrazların tanıdılması çətinliklərin öhdəsindən gəlməkdə əvəzsiz köməkçidir.

Bizim uşaqlığımız bir az da Cırtdan, göyçək Fatma, Məlikməmməd, Tənbəl Əhməd, Tıq-Tıq xanım, Dəli Domrul, həmçinin cizgi filmlərimizdən gələn mehriban Kirpi, meşənin qorunmasına çalışan Dovşan, müdrik Molla Nəsrəddin və digər obrazlarla tanışlıqla yadda qalıb. Bu obrazlardan çoxunun folklordan gəldiyi göz qabağındadır. Bəs ədəbiyyatdan gələn obrazları harada tapmalıyıq? Dəyərlərin bir-birinə qarışan dövründə boşluqları harada axtarmaq və onları nə ilə doldurmaq mümkündür?

Fikrimizcə bu yönümdə yenə də əsas yük yazıçının, şairin, ümumiyyətlə uşaq  mətnləri yaradan imzaların boynuna düşür.

Uşaq ədəbiyyatı əslində ədəbiyyatın ən çətin sahəsi hesab olunur. Uşaqlarla dil tapmaq, uşaq ürəyinə nüfuz etmək, onun inamını və etibarını qazanmaq, yaddaşında gözəl izlər buraxmaq, gələcək həyatında heç zaman yaddan çıxmayacaq izlər qoymaq hər müəllifə nəsib olmur. Balaca Qara balığı, Karlsonu, Buratinonu, Alisanı, Uzuncorab Peppini, Balaca Şahzadəni, Qavroşu  kim xatırlamır?  Hər biri öz yerini tutmuş, zamanın sınağından keçmiş, nümunəyə çevrilmiş obrazlardır. Bu baxımdan müasir Azərbaycan uşaq yazarını  sual qarşısında qalması təbiidir. Əslində indi qloballaşan dünyada təkcə coğrafiyalar və ərazilər deyil, həmçinin milli dəyərlər, hətta düşüncələr arasında belə gizli savaş gedir. Kim daha güclü və təsirli vasitələr yarada bilirsə, onunla da digərlərinin köklü düşüncəsini, adət-ənənəsini  təsir altına salır. Bu baxımdan uşaq psixologiyası daha həssas məqam kimi diqqətdə saxlanır.

Ona görə də də yad dildə danışan, yad ənənədən gələn,  yad  mühitdən xəbər verən obrazların yerinə  ortaya çıxan   və ya folklorumuzdan faydalanmaqla yaradılan uşaq əsər qəhrəmanları  onun əlindən tutacaq etibarlı dost ola bilməklə yanaşı ölkəmizin, həmçinin ədəbi mətnlərimizin  xarici ölkələrdə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıya bilər. Uşaq ədəbiyyatının yaradılmasında bu məsələ diqqətdə saxlanmalı, gözəl mətnlər yaradılmalı və dünya  oxucusu bizi həm də bu gözəl obrazlarla tanımalı və tanıtmalıdır.

Əgər 20-ci əsrə baxsaq onun ilk yarısında ədəbiyyatda  Azərbaycanlı yazıçılar və şairlər tərəfindən  daha çox milli xarakterli obrazların yaradıldığını müşahidə etmək o qədər də çətin deyil. 

Uşaqlar bizim gələcəyimizdir. Dəfələrlə qarşılaşsaq da həyat davam etdiyi müddətcə  bu sözlər öz əhəmiyyətini itirməyəcək. Bizlər, böyüklər, valideynlər, pedaqoqlar, kütləvi informasiya vasitələri nümayəndələri olaraq  bu məsələnin məsuliyyətini heç zaman unutmamalı, təməllərin möhkəm atılması, cəmiyyətimizin sağlam əsaslar üzərində dayanması üçün bu sahəni diqqətdən qaçırmamalıyıq.

                                                                                                           Hədiyyə Şəfaqət

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: